Ruslan Abışov: Bizdə inkişaf var, amma çox az
13.10.2011 - 23:01
Ruslan Abışov: Bizdə inkişaf var, amma çox az
Azərbaycan yığmasının və “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışovun apasport.az saytına müsahibəsi

- Azərbaycan yığmasının seçmə mərhələdəki son 2 oyununda çıxış etdiniz. Komandanı necə dəyərləndirə bilərsiniz?
- Avstriya ilə evdəki oyuna daha yaxşı köklənmişdik. Qələbə qazanmaq istəyirdik. Bu, turnir cədvəli baxımından bizə çox lazım idi. Eyni zamanda, seçmə mərhələnin sonuncu ev görüşündə 3 xalı əldə etmək vacib idi. Təəssüf ki, alınmadı. Oyunun əvvəlində Saşa Yunisoğlunun qırmızı vərəqə alması planımızı pozdu. Bu, hər bir yığma üzvünün başına gələ bilərdi. Avstriya kimi sürətli futbol oynayan komandaya qarşı 10 nəfərlə mübarizə aparmaq olduqca çətin idi.

- 1:4 hesablı məğlubiyyətdən sonra Türkiyə ilə matça köklənmək nə dərəcədə çətin idi?
- Türklər çox iddia edirdilər ki, Azərbaycan üzərində rahat qələbə qazanacaqlar. Düzdür, həmin oyunda o qədər yaxşı təsir bağışlamasaq da, ən azından 1 xal qazanmaq üçün çalışırdıq. Bəxtsizlik ucbatından qol buraxdıq. Amma deyim ki, biz həmin oyunda yaxşı təcrübə qazandıq.

- Millimiz ümumilikdə müdafiə olunmağı bacarırdı. Amma eyni sözləri hücumların qurulması barədə demək olmaz. Sizə elə gəlmir ki, komanda hələ də tam komplektləşməyib?
- Bəlkə də kənardan belə görünə bilər. Razıyam ki, meydançada bir az anlaşmazlıqlar vardı. Lakin bütün futbolçularda oynamaq istəyi vardı. Ən azından bir xal qazanmağa çalışdırdıq.

- Bəs öz oyunundan razı qaldınızmı?
- Bildiyiniz kimi, mən yenə yarımmüdafiə xəttində oynayırdım. Məcburiyyətdən həmin mövqedə çıxış edirəm. Buna rəğmən bacarığımı ortaya qoymaq istəyirdim.

- Artıq uzun müddətdir ki, Foqts sizi həmin mövqedə oynadır. Demək olarmı ki, bu mövqeyə öyrəşirsiniz?
- Fərqli mövqelərdə çıxış etmək hər bir futbolçu üçün üstünlükdür. Müəyyən qədər uyğunlaşıram. Amma ənənəvi mövqeyimdə mübarizə aparmaq mənim üçün daha rahatdır.

- Oyundan sonra sizinlə Mahir Şükürovu dopinq-testə aparmışdılar. Niyə məhz siz testdən keçdiniz?
- Bunu püşkün nəticəsinə uyğun müəyyənləşdirdilər. Yəni, yığmanın hər bir üzvü testdən keçə bilərdi. Şükür Allaha, testdən üzüağ çıxdıq, heç bir problem olmadı.

- Test zamanı nəsə həyəcan keçirmədiniz ki?
- Xeyr. Biz özümüzə əmin idik. Beynəlxalq oyunlarda iştirak edən futbolçularıq.

- İstanbuldakı oyunla Avropa-2012-in seçmə mərhələsinə yekun vuruldu. 10 oyundan 8-də iştirak etmiş bir futbolçu kimi, komandanın ümumi çıxışı barədə nə deyə bilərsiniz?
- Belə oyunlar ən pis halda, təcrübə toplamaq baxımından əhəmiyyətlidir. Həqiqətən də çox güclü komandalara qarşı mübarizə apardıq. Nəzərə almaq lazımdır ki, millimiz gənc komandadır. Həm də ki, futbolçularımızın əksəriyyəti yerli çempionatda çıxış edirlər. Amma rəqiblərin heyətində Avropanın müxtəlif güclü klublarından mübarizə aparan futbolçular çoxdur. Düzdür, bizdə inkişaf var, amma çox az. Həmişə demişəm, yenə də təkrar edirəm, bunlar ölkə xaricinə çıxmamağın səbəbidir. Səbəb budur, başqa heç nə. Etiraf etməliyik ki, bizim üçün hər cür şərait yaradılıb. Əgər nəticələrin inkişafını istəyiriksə, mütləq legioner həyatı yaşamalıyıq. Ölkə xaricində çıxış edən futbolçumuz olmasa, nəticə qazanmaq çox gec və çətin olacaq.

- Türkiyə ilə qarşılaşma sizin üçün bu baxımdan tramplin rolunu oynaya bilərdi. Çünki həmin oyunu yüzlərlə menecer izləmişdi. Maraqlıdır, həmin oyundan sonra siz dəvət gəlibmi?
- Belə bir dəvət yoxdur. Olmasa da, başqa bir variant axtarmaq lazımdır. Əgər inkişaf etmək istəyirsənsə, çempionatı dəyişməlisən.

- Bayaq vurğuladınız ki, millidə başqa problem yoxdur. Vaqif Cavadovun millidən imtina etməsi, Elnur Allahverdiyevin isə buna işarə vurması bəs nəyin göstəricisidir?
- Mən o barədə geniş danışmaq, şərh vermək istəməzdim. Çünki istər həyatda, istərsə də milli komandada hər kəs özünə cavabdehdir. Mənim işim futbol oynamaqdır, kimisə müzakirə etmək yox.

- Müqaviləsi başa çatmaqda olan Foqtsun millimizdə gələcək taleyi müzakirə olunur...
- Sözsüz ki, bunu zaman göstərəcək. Foqts artıq 3 ildir milli komandamızda çalışır. Hamını yaxşı tanıyır. Amma onun məsələsinə konkret münasibət bildirmək istəmirəm. Bu barədə AFFA rəhbərliyi daha yaxşı qərar qəbul edə bilər.