Vəli Qasımov: Uşaqlar avtobusa ağlaya-ağlaya mindilər
14.10.2011 - 12:02
Vəli Qasımov: Uşaqlar avtobusa ağlaya-ağlaya mindilər
“AFFA milli komandanın səfərini yaxşı təşkil etmişdi. İstər Latviyadakı təlim-məşq, istərsə də İsveçdə seçmə mərhələ oyunları zamanı hansısa problemlə qarşılaşmadıq”. Bu sözləri apasport.az saytına açıqlamasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov deyib.

Millimiz Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəni başa vurub. Qrupda İsveç, Rumıniya və İtaliya yığmaları ilə qarşılaşan komandamız növbəti mərhələyə yüksəlmək şansını son anda İtaliyaya uduzmaqla itirib.

Buna baxmayaraq, Qasımov komandasından razı qaldığını bildirib: “Sizə deyim ki, komanda yaxşı təsir bağışladı. Uşaqlar bütün rəqiblərlə çəkinmədən oynadılar. Onları hərtərəfli hazırlamışdım. Yalnız son anda bəxtimiz gətirmədi”.

Baş məşqçi İtaliyaya məğlubiyyətin səbəblərini də açıqlayıb: “İsveçlə oyunda qələbə qazandıq. İkinci rəqibimiz çox güclü idi. İtaliyanı məğlubiyyətə uğratmış Rumıniyaya qarşı oynayırdıq. Onları yaxşı analiz etmişdik. Sadəcə, bizdə nəsə çatmadı. Yaxşı müdafiə olunsaq da, hücum qurmaqda çətinlik çəkdik. Onlar isə bu işin öhdəsindən yaxşı gəldilər. Əgər İtaliya ilə oyunda ilk dəqiqələrdən azlıqda qalmasaydıq, görüşü qələbə ilə başa vuracaqdıq. Təəssüf ki, biz 80 dəqiqə 10 futbolçu ilə 12 nəfərə qarşı mübarizə aparmaq məcburiyyətində qaldıq. Çünki hakim də onlara çox kömək edirdi”.

Komandamızı növbəti mərhələdən saniyələr ayırıb. Əgər millimiz 90+3-cü dəqiqədə qol buraxmayıb, bir xal qazansaydı, növbəti mərhələyə adlayacaqdı.

Qasımov bildirib ki, bəxtsiz oyundan sonra düşərgədə ab-hava korlanıb: “Uşaqlar avtobusa ağlaya-ağlaya mindilər. Çox çətin an idi. Düzü, mən İtaliya yığmasını başa düşə bilmədim. Onların oteldəki hərəkətlərinə məəttəl qaldım. Elə sevinirdilər ki, sanki İspaniyanı udublar. Məni sevindirən odur ki, artıq Azərbaycan yığması da rəqib kimi qəbul olunur. Məncə, milli komandamız yaxşı təcrübə qazandı”.

Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə İsveç üzərində qələbə (1:0) qazandığı halda, Rumıniya (0:3) və İtaliyaya (1:2) məğlub olub.