Xanlar Fətiyev: Əgər Rauf Cabbarovu peşəkar hesab edirlərsə...
14.10.2011 - 15:36
Xanlar Fətiyev: Əgər Rauf Cabbarovu peşəkar hesab edirlərsə...
“Sumqayıt Şəhər”lə oyunda şəxsən iştirak edirdim. Bütün baş verənləri də izlədim. Baş hakim Rauf Cabbarov həmin oyunda çox qərəzli qərarlar verdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Gəncə Regional Futbol Federasiyasının prezidenti Xanlar Fətiyev deyib.

O, “Kəpəz”in Azərbaycan Premyer Liqasının VIII turunun “Sumqayıt Şəhər”lə görüşündə üzləşdiyi hakim haqsızlıqlarından narazı qalıb: “Özü də bu onun Gəncə komandasına qarşı birinci və sonuncu səhv qərarı deyil. Bundan əvvəl onun baş hakimliyi ilə keçirilən 3-4 oyunda Cabbarov reallıqdan çox uzaq, Gəncə komandasının oyununa təsir edə biləcək qərarlar verib. Bunu arxasında nə dayandığını isə hələ bilmirəm”.

Fətiyev belə hakimlərin futbolumuza zərbə vurduğunu düşünür: “Mənə verilən məlumatlara görə təkcə bizim oyunda deyil, bir çox qarşılaşmalarda bu hakim ya bilərəkdən, ya da bilmədən səhv qərarlar verib. Bu da Azərbaycanda yeni-yeni inkişafa doğru addımlamaq istəyən futbolumuza açıq aşkar zərbə vurur. Bu gün ölkə başçısı İlham Əliyev idmanın ən maraqlı növlərindən olan futbolun regionlarda inkişafına böyük dəstək verir. AFFA da ölkəmizdə bu idman növünün daha da böyüməsinə böyük vəsaitlər xərcləyir, yeni layihələr həyata keçirir. Regionlarda yeni klubların yaranması, onların texniki təminatı, günü gündən yeniləşən futbolumuz bunun bariz nümunəsidir”.

Federasiya rəhbəri futbola vəsait xərcləyənlərin əlinin işdən soyumasında hakimlərin rolunun olduğunu da bildirib: “Lakin böyük pullar xərclənən peşəkar komandaların oyununda Cabbarov kimi hakimlərin buraxdığı səhvlər təbii ki, futbolun inkişafına çalışan insanların, sponsorların əsəblərinə toxunur. Axı onlar yaxşı bir komanda formalaşdırmaq üçün çox böyük vəsaitlər xərcləyirlər. Komandaya xaricdən legionerlər dəvət olunur, uşaq futbolunun inkişafı üçün meydançalar yaradılır, onların maddi və texniki təminatı üçün bütün işlər görülür”.

Hakimlər Komitəsinin bütün olanlara göz yumması, Cabbarova yenidən təyinat verməsi isə Fətiyevi özündən çıxarıb: “Çox maraqlıdır ki, “Kəpəz”in rəhbərliyinin etirazlarına baxmayaraq, bir çox oyunlarda kobud səhvlər buraxmış hakimi cəzalandırmaq əvəzinə yenə də növbəti turda peşəkar komandaların oyununa baş hakim təyin edirlər. Ölkə başçısının, AFFA rəhbərliyinin klublara göstərdiyi diqqət və qayğının qarşısında Hakimlər Komitəsinin belə müəmmalı təyinatlarını heç cür başa düşə bilmirəm. Əgər Rauf Cabbarovu peşəkar hesab edirlərsə, onda bu hakim Gəncə futbolunun inkişafını istəmir və ya sifarişli qərarlar çıxarır, yox əgər təcrübəsizdirsə, niyə Hakimlər Komitəsi onu I diviziona və ya əvəzedicilərin oyununa göndərmir? Qoy, gedib orada bir az futbol biliklərini artırsın”.