“Berti Foqts məndən çox heç kimi tənqid etməyib”
14.10.2011 - 18:15
“Berti Foqts məndən çox heç kimi tənqid etməyib”
“Lap millidən getsən belə, bunun da öz yolları var. Bunu gözəl formada etmək olar, daha qalmaqalla yox”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib.

Yığmamızın Avro-2012-in seçmə mərhələsində Avstriyaya evdə 1:4 hesablı məğlubiyyətindən sonra hücumçu Vaqif Cavadov baş məşqçi Berti Foqtsa əvəzlənməyinə görə narazılığını bildirdi və əşyalarını götürərək, millinin düşərgəsini tərk etdi. Bundan 4 gün sonra Türkiyə ilə səfər oyununda müdafiəçi Elnur Allahverdiyev ehtiyatda qaldığına etiraz etdi və Foqtsla bu haqda söhbətləşərək, yığmada daha oynamamağının mümkünlüyünə işarə vurdu.

Sözsüz ki, bütün bunlara Rəşadın fikirlərini öyrənmək maraqlıdır. Hər halda, Sadıqov uzun illərdir millimizin kapitanı, lideri, ən təcrübəli futbolçusudur və onlarla uzun müddət bir komandada çıxış edir.

Müdafiəçinin sözlərinə görə, Cavadovun hərəkəti bütün komandaya psixoloji təsir edir: “Bir futbolçu təlim-məşq toplanışından getmək istəyəndə, bütün komandaya, ab-havaya, atmosferə təsir edir. Heç kimin ağlının gəlməyən bir şey olur. Hamının ağlına gəlir ki, hə, baş məşqçi məni əvəzləsə, mənim üstünə düşsə, mən də gedəcəyəm. Biz futbolçular işimizə daha peşəkarcasına yanaşmalı, daha səbirli olmalıyıq. Bu gün ola bilər ki, baş məşqçi üstünə qışqırsın, sabah isə səni tərifləsin. Bu, futbolçu ilə baş məşqçi arasında münasibətdir. Hər bir baş məşqçinin komandada futbolçularla bir danışıq tərzi, tərbiyə dərsi, psixoloji yanaşmağı, öz şərtləri, qaydaları var. Bir də görürsən ki, bəzən futbolçuların davranmağı, özlərini aparmağı baş məşqçini qane etmir. Yaxud baş məşqçi bir az sərt olanda, futbolçular başlayır narazılıq etməyə. Futbolçular arasında ümumi söhbət edirik ki, maksimal səbirli olmaq lazımdır”.

Vaqifə iradlarını mətbuat vasitəsilə deməyi lüzum görməyən Rəşad hər halda, onu qınadığı məqama toxundu: “Adam qalır belə, biri komanda yoldaşın, biri də baş məşqçindir. Şəxsən mənim üçün belə məsələləri müzakirə etmək çətindir. Üzbəüz danışanda fikrimi deyərəm. Ancaq mətbuat vasitəsilə bunu çox demək istəmirəm. Sadəcə, Vaqifi ona görə qınayıram ki, heç kimə heç nə demədən getdi. Heç olmasa, mənə deyərdi, həmin anda onu sakitləşdirərdim. Deyərdim ki, səbirli ol, ola bilər, sabah başqa fikirdə olasan. Ola bilər ki, sənin üstünə çox qışqırıb, ancaq çılğınlıq etmək lazım deyil. Onsuz da 4 qol buraxıb uduzmuşuq, hamımızın qanı qaradır. Bir də Vaqifi ona görə qınayıram ki, heç olmasa, təcrübəli futbolçular kimi ya mənim, ya Mahir Şükürovun, yaxud başqalarının qapısını döyüb, getdiyini deyərdi”.

Bir yumruq kimi birləşməyin vacibliyini bildirən kapitan Foqtsun ona ilk vaxtlar münasibəti ilə maraqlı açıqlama verib: “Növbəti seçmə mərhələ gəlir, bizim Vaqifə də ehtiyacımız var, Elnura da. Hamı küsüb getsin, bəs sabah kim oynasın? Hamımız bir kollektiv, bir yumruq kimi olmalıyıq. Yalnız o zaman nəsə edə bilərik. Başa cür mümkün deyil. Onu deyim ki, Foqts yeni yığmaya gələndə, məndən çox heç kimə qışqırmayıb, ən çox məni tənqid edib. Ancaq başımı aşağı salıb, baş məşqçinin məşqdə, oyunda nə dediyini eləmişəm. Bu, məni sırf məşqçi kimi tənqid eləyir və mən belə şeylərə normal baxdım”.

Mehman SÜLEYMANOV