Hikmət Karaman özünü milli komandamıza təklif etdi - MÜSAHİBƏ
14.10.2011 - 23:13
Hikmət Karaman özünü milli komandamıza təklif etdi - MÜSAHİBƏ
Ölkənin futbol arenasında son günlərin ən çox müzakirə olunan mövzusu yığmamızın baş məşqçisi Berti Foqtusun postunda qalıb-qalmayacağı məsələsidi. Düzü, alman mütəxəssislə əməkdaşlığın davam etdirilib-etdirilməyəcəyi dəqiqləşmədiyindən yığmanın real potensialı və gələcək perspektivi haqqında danışmaq bir qədər çətindi, amma Foqtsun postunda qalmayacağı yönündə artan söyləntilər bu mövzuya yenidən toxunmağımıza zəmin yaratdı.

Hazırda milli komanda üçün ən real namizəd Qurban Qurbanov sayılsa da, bəzi sürpriz namizədlərin olduğu da bildirilir. Hətta aldığımız qeyri-rəsmi məlumatlara görə, türkiyəli Hikmət Karamanın milli komandamızda çalışmaq ehtimalı var. Gəzən şayiələrə məşqçinin özünün aydınlıq gətirməsi yaxşı olardı. Bu üzdən də Hikmət Karamanla əlaqə saxlamağı lazım bildik.

- Son günlər Azərbaycan millisindən dəvət aldığınız haqda məlumatlar yayılıb. Bu nə dərəcədə həqiqətə uyğundu?
- Mənə belə bir təklif gəlməyib. Təklif olarsa, məmnuniyyətlə qəbul edərəm. Düzdü, indiyə qədər Azərbaycanda işləmiş türk məşqçilərin sizin ölkə futboluna nə qədər xeyri dəydiyini bilmirəm, amma bir məşqçi kimi səviyyəm bəllidi və ölkənizdə çalışmaq istərdim. Hazırda Foqtsun kənardan sizin komandaya müdaxiləsi ilə Qus Hiddinkin bizim yığmaya faydası eynidi. Yəni o qədər də çox deyil. Məncə, eyni dildə danışmaq və etnik yaxınlıq önəmlidi.

- Hətta sizin "Azərbaycan millisində çalışmaq istərdim" dediyinizə dair də şayiələr dolaşmaqdadı.
- Hazırda sizin yığma komandada baş məşqçi vəzifəsini icra edən şəxs var. Bu üzdən mənim bu haqda danışmağım düz olmazdı.

- İndiyədək Azərbaycanda bir neçə həmyerliniz çalışıb. Onlardan futbolumuz haqda məlumat almısınızmı?
- Bəli, Rasim Karadan məlumat almışam. Amma indi bu haqda danışmaq yerinə düşməz.

- Əgər milli komandamızı çalışdırası olsanız, uğur qazanacağınıza inanırsız?
- Mən uzun müddət bir sıra əcnəbi məşqçilərlə, həmçinin Mustafa Dənizli ilə işləmişəm. Məşqçi kimi Türkiyədə son 15 ili uğurlu keçirmişəm. Qazandığım təcrübədən Azərbaycanda da istifadə etmək istərdim. Bunu sadəcə, dildə deməklə olmaz. Mən böyük uğurlar qazanmaq arzusundayam. Bunun üçün böyük layihələrim var. Amma yenə deyirəm, sadəcə, danışmaqla olmaz. Bu barədə rəsmi təklif olarsa, federasiya rəhbərliyi ilə görüşmək, əməkdaşlığın detalların müzakirə etmək lazımdı.

- Sizcə, uğur qazanmaq üçün hansı dəyişiklikləri etməliyik?
- Birincisi, işin peşəkar adamlara tapşırılması mütləqdi. Bundan başqa, uşaq futboluna diqqət ayrılmalıdı. Həmçinin nizam-intizam məsələsi də önəmlidi.

- Foqts sayəsində futbolumuzun inkişafı mümkündürmü?
- Mənim Berti Foqtsun işini qiymətləndirməyim düzgün olmazdı. Onun işinə siz qiymət versəniz, daha yaxşı olar.

- Milli komandamızın qrupda 7 xal yığması uğurdumu?
- Mən bunu uğur kimi qiymətləndirməzdim. Qrupdan çıxmaq uğur sayılmalıdı.

- Əgər milli komandamızı siz çalışdırsaydınız, qrupdan çıxmağa oynayacaq komandanı neçə ilə formalaşdıra bilərdiz?
- Bunun üçün işə klublardan başlamaq lazımdı. Təbii ki, oyun sisteminin formalaşdırılması da vacibdi. Bu gün ən zəif komandaların belə özünəməxsus oyun anlayışı var.

- Hazırda həm əsas, həm də olimpiya yığmamızda alman mütəxəssis çalışır. Necə düşünürsünüz, bizim ölkədə türk məşqçilərin çalışması daha xeyirli olmazmı?
- Düzdü, Türkiyədə yaxşı məşqçilər var və onların təcrübəsindən faydalanmağa dəyər. Ancaq yerli məşqçilərə də önəm verilməlidi. Görürsünüz, almanlar Yohaim Lövə necə önəm verir? Həmin Löv ki, məndən sonra "Adanaspor"a gəldi, mən isə "Kocelispor"a getdim. Həmin il mən finalda "Beşiktaş"ı yenərək ölkə kubokunu qazandım. Lövün komandası isə aşağı dəstəyə düşdü.

- Maraqlıdı, seçim qarşısında qalsaydınız, Azərbaycanın əsas millisində, yoxsa gənclər yığmasında işləməyi üstün tutardınız?
- Açığı, bütün milli komandaların mənim və köməkçilərimin nəzarətində olmasını istərdim.

- Azərbaycanlı oyunçuların səviyyəsi uğur qazanmaq üçün yetərlidirmi?
- Futbolçular arasında ciddi fərq yoxdu. Sadəcə, zəka və fərdi bacarıq fərqi var. Fərdi bacarıq bir oyunda qələbə qazanmağa, kollektiv oyun isə çempion olmağa bəs edər.

- Sizcə Azərbaycan millisi kollektiv oyun sərgiləmir?
- Kollektiv oyun sərgiləməyə çalışır, amma sadəcə, müdafiə taktikası ilə nəyəsə nail olmaq olmaz. Hücum futbolunu da düşünmək lazımdı.

- Türkiyə matçında Azərbaycan milli komandası necə təsir bağışladı?
- Hücum xəttinin istənilən kimi olmadığını qeyd etməliyəm. Müdafiə baxımından isə nisbətən yaxşı təsir bağışladı. Amma buraxılan qol müdafiədəki boşluğun nəticəsi idi. Həmçinin Azərbaycan millisi orta yaş həddi yüksək olan komanda təsiri bağışlayırdı.

- Yeri gəlmişkən, milli komandamızda forma geyən türkiyəli Ufuk Budakın oyunu barədə nə deyə bilərsiz?
- Budak mənə bacarıqlı oyunçu təsiri bağışladı. Üstəlik, yaşı da çox deyil. Nədənsə Azərbaycan klubları adətən nisbətən yaşlı türk oyunçuları transfer edirlər. Mən bu strategiyanın yanlış olduğunu düşünürəm.

- Ümumiyyətlə, milli komandalarda milliləşən oyunçuların oynamasına münasibətiniz necədi?
- Mənim fikrimcə, oynamalıdılar. Hər halda, Məsut Özil və Boatenq buna yaxşı örnəkdi.

- Avro-2012-nin play-off mərhələsindəki Xorvatiya millisi ilə qarşılaşacaq Türkiyə milli komandasının şanslarını necə qiymətləndirirsiz?
- Şübhəsiz, çox çətin oyun olacaq. Yadınızdadırsa, son Avropa çempionatında xorvatları yenmişdik. Amma bu dəfə onların bizdən revanş alması mümkündü. Çünki hazırda Türkiyə millisi o qədər də yaxşı durumda deyil. İnşallah ovaxta qədər toparlanar və qələbə qazanarıq.

TURAL, “Ekspressfutbol” qəzeti