Fərid Quliyev: Arif Əsədovu görsəm...
15.10.2011 - 23:01
Fərid Quliyev: Arif Əsədovu görsəm...
“Neftçi” klubunun hücumçusu Fərid Quliyevin apasport.az saytına müsahibəsi

- Premyer Liqanın VIII turunda “Neftçi” vurduğunuz qol hesabına “Simurq” üzərində qələbə qazandı. Qolların davamını gətirəcəyinə ümidiniz varmı?
- Futbolda əvvəlcədən nəsə demək çətindir. İnşallah, oynadıqca komandama xeyir verməyə çalışacağam.

- Artıq paytaxt derbisinə saatlar qalıb. Baş məşqçi sizə start heyətində şans verməyi düşünürmü?
- Bunu indidən deyə bilmərəm. Bizdə hər şey oyuna çox az qalmış müəyyənləşir. Start heyətində oynasam və ya sonradan meydançaya daxil olsam, öz işimi görəcəyəm.

- “Simurq”la oyundan sonra məşqçilər tərəfindən sizə münasibət dəyişibmi?
- Komandada mənə münasibət yaxşıdır. Əvvəl necə idisə, indi də elədir. Bizdə hücumçu tək mən deyiləm. “Neftçi”də məndən başqa daha iki hücumçu var. İstənilən xətdə nə qədər çox futbolçu olsa, rəqabət bir qədər də güclənər və komanda bir o qədər yaxşı nəticə qazanar. Amma rəqabət mütləq sağlam olmalıdır.

- “Neftçi”dəki rəqiblərin elə də zəif futbolçular deyillər. Hər halda, Emil Mpenza və Bahodir Nasimov kifayət qədər təcrübəli oyunçulardır. Onların adı sizi qorxutmur ki?
- Futbol meydançada oynanılır, kənarda kimin nə qədər tanınması əhəmiyyətli deyil. Əsas hazırkı formadır. Komanda elə komplektləşib ki, istənilən mövqedə yaxşı rəqabət var. Bu, yaxşı haldır.

- Demək olar ki, Böyükağa Hacıyevin sevimli futbolçusuna çevirilmisiniz. “Standard”da rəhbərliyi altında oynadığınız məşqçi sizi “Neftçi”yə də gətirdi. Karyeranızda onun nə kimi rolu var?
- Bildiyiniz kimi, mən əvvəllər “Bakı”da oynayırdım. Sonradan “Qarabağ”a icarəyə verildim. Böyükağa Hacıyev gələndən sonra məni komandaya gətirdi. Artıq üçüncü komandadır ki, onunla işləyirəm.

- Necə fikirləşirsiniz, sizin “Simurq”a icarəyə verilməyinizin əsl səbəbkarı o vaxtkı baş məşqçi Arif Əsədov olub?
- Düzü, bu məsələ barədə danışmaq istəməzdim. Çünki hadisə çoxdan baş verib, bu məsələ artıq bağlanıb.

- Hər halda, hazırda “Neftçi”nin heyətində yer almısız və deməli, problem yaşadığınız şəxs bu komandada deyil...
- Sizcə, mənim rəhbərliklə problemim olsaydı, mən komandada ola bilərdim?

- “Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədova qarşı ürəyində nəsə kin varmı?
- Hər şey olub keçib. İndi öz futbolumu oynayıram. Əgər problemlər haqqında düşünsək, o zaman futbola tam köklənə bilmərik.

- Açıq-aşkar görünür ki, Əsədovla probleminiz olub. Həmin hadisədən sonra rastlaşmamısınız?
- Onu görməmişəm. Məşqə gedirəm, məşqdən gəlirəm. Oyunlar ərəfəsində də ancaq buna köklənirik. Odur ki, onu görmürəm. O qarşıma çıxsa, sözsüz ki, salamlaşacağam. İnsanlar bir-biri ilə salamlaşmalıdır, görüşməlidir. Biz ayrı-ayrı millətləri təmsil etmirik. Hamımız azərbaycanlıyıq. Nəticədə hamımız Azərbaycan futbolunun inkişafı, onunun tərəqqisi üçün oynayırıq, işləyirik. Odur ki, heç kimlə kin saxlamaq fikrim yoxdur.

- “Neftçi” ötən il çempionluğu bayram etdi. Sizcə, bu nailiyyəti cari mövsümdə dədəfə təkrarlamaq olacaqmı?
- Bu dəqiqə hamı onun üçün çalışır. Çempionat təzə başlanıb. Əsas odur ki, bütün oyunlardan xal qazanaq. Xalları yığandan sonra yəqin ki, hər şey yaxşı olacaq. İmkan verməməliyik ki, hansısa görüşdə sürpriz qeydə alınsın.

- Yəqin ki, özünüz üçün ən güclü rəqibin kim olduğunu da müəyyənləşdirmisiniz. Nəzərə alaq ki, “Xəzər Lənkəran” və “Neftçi” arasındakı prinsipiallıq gündən-günə artır...
- Sözün düzü, çempionluq yolunda ən güclü rəqibimizin kim olduğunu hələ bilmirəm. İndidən desəm ki, düzgün çıxmaz. “Xəzər Lənkəran” da “İnter”ə məğlub oldu. Hadisələrin necə inkişaf edəcəyini demək çətindir. Necə deyim ki, çempionluq yolunda əsas rəqibimiz “Xəzər Lənkəran”dır?

- “Simurq”a getməklə, gündəmdən düşdünüz və milli komandadakı yerinizi itirdiniz. Hazırda milliyə qayıtmaq keçirmi ürəyinizdən?
- Hər bir futbolçu milli komandanın potensial üzvüdür. Hər hansı bir qadağa yoxdur ki, bu futbolçu bir dəfə burada oynayıb, daha oynaya bilməz. Əgər yaxşı formada olsam, hamı görsə ki, komandaya kömək edə bilərəm, yəqin ki, baş məşqçi özü dəvət edəcək.

- Vaxtilə, mətbuat səhifələrində tez-tez görünürdünüz. Amma son 4-5 ayda sizi “gördüm” deyən yoxdur. Niyə kənara çəkilmisiniz?
- Əgər insan idmanda yaxşı nəticə qazanırsa, əlbəttə ki, gündəmdə olur. Mən də oynamadığıma görə, görünmürdüm.