Mərkəzi arenanın açılışı ölkə kubokunun finalında ola bilər
15.10.2011 - 23:02
Mərkəzi arenanın açılışı ölkə kubokunun finalında ola bilər
“Stadionda təmir və yenidənqurma işləri əvvəlcədən nəzərdə tutulandan daha çox vaxt apara bilər. Ola bilsin ki, arenanın açılışı gələn ilin martında deyil, bir az gec olsun. Stadionda əsas iş tribunaların üstünün bağlanmasıdır. Açılış vaxtı gələn ilin yanvarında konkret bilinəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.

O bildirib ki, stadionun Azərbaycan kubokunun final qarşılaşmasında açılması mümkün ehtimallardan biridir: “Əlbəttə ki, biz stadionun açılışını əlamətdar hadisə ilə eyni günə salmaq istəyirik. Əgər təmir işləri daha çox vaxt aparsa, bu, Azərbaycan kubokunun finalına da təsadüf edə bilər. Amma arenanın açılışı bundan daha tez də mümkündür”.

Qeyd edək ki, 20-ci yubiley - Azərbaycan kubokunun final qarşılaşması mayın 17-nə təsadüf edəcək.