“Berti Foqtsu tənqid etmək üçün gərək 3 qat dünya çempionu olasan”
15.10.2011 - 23:07
“Berti Foqtsu tənqid etmək üçün gərək 3 qat dünya çempionu olasan”
“Berti Foqts özünü sübut etmiş, dünya səviyyəli mütəxəssisidir. Mən məhz onun gəlişindən sonra milli komandaya mütəmadi dəvət alıram”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və AZAL klubunun üzvü Aqil Nəbiyev deyib.

Alman mütəxəssisin AFFA ilə müqaviləsi bu ilin sonunda bitir. Odur ki, futbol ictimaiyyətində onun qalıb-qalmayacağı ilə bağlı müzakirələr səngimək bilmir.

Nəbiyevin isə məsələyə münasibəti bu cür olub: “Foqts dünya və Avropa çempionu olan bir şəxsdir. Onun haqında nəsə pis fikir söyləmək, tənqid etmək üçün ən azından 3 dəfə dünya çempionu olasan. Odur ki, onunla bağlı konkret nəsə deməkdə çətinlik çəkirəm. Yəqin ki, AFFA bu məsələ ilə bağlı düzgün mövqe ortaya qoyacaq”.

Qeyd edək ki, Aqil Nəbiyev zədə səbəbindən Avstriya və Türkiyəyə qarşı keçirilən oyunlarda forma geyinməyib.