Samir Əliyev bezib, karyerasını başa vurdu
15.10.2011 - 21:00
Samir Əliyev bezib, karyerasını başa vurdu
Azərbaycan yığmasının sabiq futbolçusu Samir Əliyev karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, cari mövsümdən “Turan”da oynayan 32 yaşlı futbolçu maliyyə problemi yaşayan qərb klubunu tərk etmək qərarına gəlib.

Əliyev “Turan”dan ayrılmasını və futbolçu karyerasını başa vurmasını belə izah edib: “Belə şəraitdə, həvəs olmayan komandada futbol oynamaq istəmirəm. Hər dəfə yalandan vəd verməklə, futbolçuları aldatmaqla komanda saxlamaq olmaz. Adamda məşqə çıxmağa da həvəs qoymayıblar. Baxıram ki, yanımdakı futbolçu qaçmır, məşqə can qoymur. Belədə ondan hansı nəticəni gözləmək olar? Bu yaşdan sonra haradan təklif alacam? Böyük ehtimalla, karyeramı bitirəcəm. Gedib aşağı dəstədə top qovası deyiləm ki?”

Yığmamızın keçmiş futbolçusu məşqçilik fəaliyyətinə başlamaq istədiyini də bildirib: “Fikrimdə var ki, gələcəkdə hansısa klubda baş məşqçi kimi çalışım. Bunun üçün isə ilk növbədə oxumaq lazımdır. Yaxın müddətdə məşqçilik kurslarına gedəcəm”.

Qeyd edək ki, təcrübəli futbolçu Azərbaycanda “Neftçi” və “Xəzər Lənkəran” da daxil olmaqla bir neçə klubda top qovub. O, Ukraynanın “Volın” və Rusiyanın “Uralan” klublarında legioner həyatı yaşamağa imkan tapıb. Əliyev 31 dəfə formasını geydiyi yığma komandamızın heyətində 2 qolun müəllifidir.