2 tilsim birdən qırıldı
21.11.2011 - 10:22
2 tilsim birdən qırıldı
“Qəbələ” Toni Adamsın istefasından sonra 2 tilsimi birdən qırdı. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi ingilis mütəxəssisi əvəzləyən türkiyəli çalışdırıcı Fatih Kavlakın rəhbərliyi altında “Neftçi” ilə oyunda həm qol vurdu, həm də qalib gəldi.

Bir sözlə, qəbələlilər 1 güllə ilə 2 dovşanı 5-ci matçda vurdu. Arxada qalan 4 oyundan yarısı “Neftçi”nin 2:0 hesablı, yarısı isə qolsuz bərabərliklə nəticələnib. Adams bu matçlardan 3-də “Qəbələ”nin “sükanı arxası”nda olub.

Qəbələlilərin sonuncu dəfə “Neftçi”yə qalib gəldiyi oyun 2009/10 mövsümünün final mərhələsinə təsadüf edib. I dövrənin aprelin 3-də keçirilən matçı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda oynanılıb. Həmin vaxt Ramiz Məmmədovun baş məşqçisi olduğu komanda “Neftçi”yə polşalı hücumçusu Tomaş Stolpanın 90+5-ci dəqiqədə vurduğu qolla 2:1 hesabı ilə qalib gəlmişdi.

596 günlük intizara isə “Neftçi”yə çox tanış futbolçu son qoydu. Söhbət milli komandamızın da üzvü olan Aleksandr Çertoqanovdan gedir. 31 yaşlı milliləşdirilən ukraynalı yarımmüdafiəçi ölkəmizdə 2004-cü ildən başlayan karyerasının böyük hissəsini, ən yaxşı illərini məhz “Neftçi”də keçirib.

2005-08-ci illərdə bu komandanın şərəfini qoruyan Çertoqanov mövsümlərarası fasilədə “Qəbələ”yə keçdi. Ona hazırkı komandasında ilk qolunu məhz keçmiş komandasına vurmaq qismət imiş.

Mehman SÜLEYMANOV