DÇ-2014: Bəlkə Portuqaliya yığması ilə başlayaq?
23.11.2011 - 14:57
DÇ-2014: Bəlkə Portuqaliya yığması ilə başlayaq?
Millimizin DÇ-2014-ün seçmə mərhələsində yer aldığı F qrupunda təqvimin müzakirəsinin vaxtı yaxınlaşdıqca, müxtəlif variantlar səsləndirilir. Apasport.az saytının məlumatına görə, qrupumuzun favoritlərindən olan Rusiya yığmasının baş məşqçisi Dik Advokat seçmə mərhələyə Azərbaycan, Lüksemburq kimi zəif sayılan komandalarla başlamaq istəmir. Hollandiyalı mütəxəssis qrupumuzun ən güclüsü hesab olunan Portuqaliya ilə imkan daxilində tez – elə startda görüşmək arzusundadır. Advokat Kriştianu Ronaldonun kapitanı olduğu milli ilə gələn ilin sentyabr-oktyabrda, özü də evdə oynamaq niyyətindədir.

Təbii ki, artıq 4 ildir Rusiyada işləyən təcrübəli mütəxəssisin istəyi təsadüfi deyil. Onun fikrincə, Portuqaliya həmişə seçmə mərhələyə zəif start götürür. Advokat hələ Belçika yığmasını çalışdırdığı vaxtda seçmə mərhələyə Almaniya milli komandası ilə başlamaq üçün qrupda digər iştirakçılarla uzun müddət mübahisə edib.

Maraqlıdır, bəlkə biz də Portuqaliya ilə oyunla başlayaq? Adətən final mərhələsinin iştirakçıların növbəti seçmə mərhələyə uğursuz startında edəcəyi deyilir. Ronaldonun komandasının da Avro-2012-in final mərhələsində çıxış edəcəyi dəqiqləşib. Ancaq digər tərəfdən, biz indiyə kimi Portuqaliya ilə seçmə mərhələdə 2 dəfə görüşdüyümüz zaman ilk oyunlarımızı səfərdə keçirmiş və hər ikisində böyük hesabla uduzmuşuq. Onlardan seçmə mərhələnin əvvəlində 0:3, ortasında 0:7 hesablı məğlubiyyət almışıq. Portuqaliya ilə Tofiq Bəhramov adına Respublika stadionunda ev oyunlarımız isə seçmə mərhələnin sonuna - payız aylarına təsadüf edib. Sentyabrda 1:1 hesablı bərabərliyə qalmaqla, Avropanın diqqətini özümüzə cəlb etmişiksə, oktyabrda uduzmuşuq – 0:2.

Qeyd edək ki, Lüksemburqda müzakirələr noyabrın 25-də keçiriləcək və əgər tərəflər razılığa gələ bilməsələr, FİFA təqvimi “kor püşk”lə müəyyənləşdirəcək. Müzakirələrdə milli komandamızı almaniyalı baş məşqçi Berti Foqtsla AFFA-nın baş katibi Elxan Məmmədov təmsil edəcək.