İstefaların yaratdığı yerdəyişmələr
23.11.2011 - 16:56
İstefaların yaratdığı yerdəyişmələr
Premyer Liqada baş verən son istefalar baş məşqçilərin yaşları ilə bağlı siyahıda ciddi yerdəyişmələrlə nəticələndi. Apasport.az saytının məlumatına görə, Rafiq Mirzəyev, Fatih Kavlak, Mirbağır İsayev müvafiq olaraq, AZAL, “Qəbələ” və “Kəpəz”ın “sükanı arxası”na keçməklə, təvəllüdlər siyahısında hər şeyi dəyişdilər.

Belə ki, Mirzəyev hazırda Premyer Liqanın baş məşqçiləri arasında ən “qoca”sı oldu. 59 yaşı olan mütəxəssisin 60 illik yubileyinə 2 aydan bir az artıq vaxt qalıb. AZAL rəhbərliyi Mirzəyevə etimad göstərməklə, onu ən yaşlıların siyahısında 1-ci etdi. Mirzəyevin əvvəllər köməkçisi olduğu sabiq baş məşqçi Elxan Abdullayevin isə 41 yaşı var və az qala oğlu yerinə düşürdü.

İsayevlə Kavlak isə cari mövsümdə ən gənc baş məşqçilər oldular. Maraqlıdır ki, onların hər ikisi eyni ildə (1974), eyni gündə (13-də) anadan olublar. İsayev martda, Kavlak isə iyunda dünyaya gəlib. Bu isə o deməkdir ki, azərbaycanlı çalışdırıcı türkiyəli həmkarından düz 3 ay böyükdür. Deməli, 37 yaşlı Kavlak Premyer Liqamızın ən gənc baş məşqçisidir.

İsayevin vaxtilə komanda yoldaşı olduğu, indi isə rəhbərliyi altında oynayan Azər Məmmədov 1976-cı il təvəllüdlüdür. Yəni baş məşqçi kapitanından cəmi 2 yaş böyükdür. Eyni mənzərəni “Qəbələ”də də görmək olar. Düzdür, komandanın kapitanı Mahir Şükürovun 35 yox, 29 yaşı var. Ancaq “Qəbələ”də 1976-cı il təvəllüdlü futbolçu var. Bu, yamaykalı hücumçu Deon Bartondur.

Qeyd edək ki, “Kəpəz” və “Qəbələ”nin baş məşqçi postundan istefa verən Mehman Allahverdiyevlə ingilis Tini Adams müvafiq olaraq 1960 və 1966-cı il təvəllüdlüdür.

1. Rafiq Mirzəyev (16.02.1952, AZAL)
2. Aleksandr Starkov (26.07. 1955, “Bakı”)
3. Böyükağa Hacıyev (20.04. 1958, “Neftçi”)
4. Əsgər Abdullayev (27.03. 1960, “Turan”)
5. Mirça Rednik (09.04. 1962, “Xəzər Lənkəran”)
6. Bernard Raab (17.03. 1966, “Sumqayıt Şəhər”)
7. Kaxaber Sxadadze (07.09. 1968, “İnter”)
8. Sergey Yuran (11.06. 1969, “Simurq”)
9. Vladislav Qədirov (16.11.1971, “Rəvan”)
10. Qurban Qurbanov (13.04. 1972, “Qarabağ”)
11. Mirbağır İsayev (13.03 1974, “Kəpəz”)
12. Fatih Kavlak (13.06. 1974, “Qəbələ”)

0