Yığmamızın taleyinə aydınlıq gətirəcək 21 nəfər
23.11.2011 - 17:25
Yığmamızın taleyinə aydınlıq gətirəcək 21 nəfər
Dünya çempionatının Avropa zonası üzrə F qrupunun təqviminin müəyyənləşdirilməsi ilə bağlı Lüksemburqda keçiriləcək tədbir iştirakçılarının tam siyahısı bəlli olub. Apasport.az saytının məlumatına görə, tədbir noyabrın 25-də Dommeldanj şəhərindəki “Park” oteldə baş tutacaq. Günorta saatlarında başlayacaq yığıncaqda 21 nəfər iştirak edəcək. Artıq Lüksemburq Futbol Federasiyası bununla bağlı rəsmi press-reliz də yayıb.

Məlum olduğu kimi, ölkəmizi bu tədbirdə yığmamızın baş məşqçisi Berti Foqtsla AFFA-nın baş katibi Elxan Məmmədovun təmsil edəcəyi rəsmən açıqlanmışdı. Lakin onlarla yanaşı, qurumun vitse-prezidenti Elşad Nəsirovun da Lüksemburqa gedəcəyi bildirilir.

Rusiyanı yığmanın baş məşqçisi Dik Advokat, Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko, baş katibin müavini Yekaterina Fedışina və texniki direktor Bert van Lingen təmsil edəcək. Portuqaliyadan millinin baş məşqçisi Paulu Bentu, onun köməkçisi Lionel Ponteş və yığmaların direktoru Karlos Qodinyonun gələcəyi gözlənilir.

Şimali irlandiyalılar tədbirə futbol assosiasiyalarının prezidenti Cim Şoonu, icraçı direktor Patrik Nelsonu və beynəlxalq şöbənin rəhbəri Devid Karrini göndərməyi planlaşdırır. İsraildən isə federasiya prezidenti Avi Luzon, baş katib Ori Şilo Lüksemburqa gələcək.

Ən geniş heyət tədbirin ev sahibindən olacaq. Lüksemburq millisinin baş məşqçisi Lük Holts, federasiya prezidenti Paul Filipp, baş katib Joel Volf, texniki direktor Raynhold Bre, texniki komitənin rəhbəri Jan Şilts və katib Sandrin Fişer qonaqları qəbul edəcək.
0