“Stadionda Ermənistan bayrağı olduğu üçün meydana çıxmaq istəmirdik”
24.11.2011 - 15:57
“Stadionda Ermənistan bayrağı olduğu üçün meydana çıxmaq istəmirdik”
Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanan APOEL-in oyununda bayraq qalmaqalı avrokuboklarda ilk belə hal deyil. Bu, əvvəllər də baş verib və özü də Azərbaycana bağlılığı olub. Söhbət Nikosiya təmsilçisinin 1994-cü ilin avqustun 10-da, artıq tarixin yaddaşına köçən Kuboklar Kuboku turnirində “Neftçi” ilə ilk oyunundan gedir.

Məlum olduğu kimi, APOEL-in “Zenit”lə səfər oyununun keçirildiyi “Petrovski” stadionunda yerli azarkeşlərin meydana tüstülü fişəng atdığı zaman Türkiyə bayrağı yandırılıb. Bununla, “Zenit” fanatları kiprli həmkarlarına dini birliyi nümayiş etdiriblər.

Kiprli azarkeşlər isə “Neftçi” ilə 17 il öncə keçirilən ev oyununda bayrağımıza qarşı hörmətsizlik ediblər. Həmin vaxt “Neftçi”də çıxış edərək, Nikosiyada keçirilən oyunun iştirakçısı olan Yunis Hüseynov bizimlə söhbətdə hadisəni belə xatırladı: “Həmin vaxt oyunda stadiona Ermənistan bayrağı gətirmələri xatirimdədir. Bunu oyuna çıxmağa hazırlaşdığımız zamanı gördük. Kiprlilərin niyə belə etdiklərini deyə bilmərəm. Biz yerli azarkeşlərin hərəkətinə etiraz əlaməti olaraq meydana çıxmaq istəmirdik. Sonradan hər şey yoluna qoyuldu və oyun keçirildi”.

Əlbəttə, hər bir azərbaycanlı kimi həmsöhbətimiz də bizə qardaş ölkə olan Türkiyənin bayrağının yandırılmağını pis hal sayır. Ancaq digər tərəfdən, reallığı, bəzi ölkələr arasında münasibətləri nəzərə alsaq, belə hallar müşahidə olunur.

APOEL-dən söz düşmüşkən, Hüseynovdan bu komanda haqda da soruşduq. Hər halda, keçmiş yarımmüdafiəçi çıxışını izlədiyi ÇL-in 1/8 finalçısına qarşı oynayıb: “Həmin vaxt APOEL elə də güclü deyildi. Biz səfər matçında 0:3 hesabı ilə uduzmağımıza baxmayaraq, pis təsir bağışlamamışdıq. Mən oyuna çıxanda, hiss edirdim ki, nəticə qazanacağıq. Demişdim ki, biz burada uduzmayacağıq. Hesab 0:0 olanda, 2-3 real imkanımız oldu. Ancaq təəssüf ki, onlardan istifadə edə bilmədik. Sonradan isə gücümüz tükəndi və 3 top buraxaraq, uduzduq. Uduzmağımızın əsas səbəbi fiziki cəhətdən zəif olmağımızla bağlı idi. Həmin vaxt indiki kimi təlim-məşq toplanışlar olmurdu. Düzdür, avrokuboklarda debüt etdiyimizdən, təcrübəmiz də yox idi. Ancaq əsas səbəb bunu yox, fiziki hazırlıqsızlığı sayıram. İndi APOEL çox güclənib. Bunun nəticədir ki, qrup mərhələsində 1 oyun uduzmayıblar, 1/8 finala çıxıb. İnşallah, biz də nə vaxtsa qrup mərhələsində oynayarıq”.

Mehman SÜLEYMANOV