“Adım bütün komandalarla hallanır”
24.11.2011 - 18:05
“Adım bütün komandalarla hallanır”
“Mehman Allahverdiyevin istefası mənim üçün həqiqətən də gözlənilməz oldu”. Bunu apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun sabiq futbolçusu Yunis Hüseynov deyib.

Gəncə futbol məktəbinin ən yaxşı yetirmələrindən sayılan Hüseynov karyerasına “Kəpəz”də başlayıb, “Kəpəz”də bitirib. Bu mənada Yunis bəy Gəncə təmsilçisində son günlər baş verən hadisələrə biganə qalmır.

Uzun illər elə “Kəpəz”də Allahverdiyevin rəhbərliyi altında oynayan Hüseynov sabiq baş məşqçisinin gedişinə üzülür: “Görünür, komandada nəsə alınmırdı. Hesab edirəm ki, “Kəpəz” “qara zolağ”a düşüb. Bu üzdən çoxdandır qalib gələ bilmir. Fikrimcə, 1 qələbə qazansalar, əvvəlki çıxışlarını bərpa edə bilərlər. Mehman müəllim istefa verəndən sonra onunla 1 dəfə telefonla danışmışam. Dedi ki, komanda uğursuz çıxış etdiyi üçün istefa verib”.

Məşqçilik karyerası daha çox “Karvan”a bağlı olan Hüseynovun doğma “Kəpəz”i çalışdırmaq ürəyindən keçsə də, hələlik bu, ona nəsib olmayıb. Halbuki, Allahverdiyevin istefasından sonra onun da bu komandanın “sükanı arxası”na keçəcəyi deyilirdi: “Ona qalsa, adım bütün komandalarla hallanır. Harda baş məşqçi postu boşalır, deyirlər ki, Yunis Hüseynov ora gedir. Ancaq göründüyü kimi, belə deyil və hələlik təklif yoxdur. Yəqin ki, jurnalistlər də mənim işləməyimi istəyirlər və ona görə namizədliyimi göstərirlər. Ancaq bunun mənim üçün yaxşı, yaxud pis olduğunu deyə bilmərəm”.

Məlum olduğu kimi, Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinə başçı gələnədək Yevlaxda eyni vəzifəni icra edib. Yevlaxı təmsil edən “Karvan” isə ən yaxşı dövrünü məhz Hüseynovun rəhbərliyi altında keçirib.

Maraqlıdır ki, 46 yaşlı çalışdırıcıya yuxarı səviyyədən təklif, dəvət gəlibmi? Yunis bəy, bu barədə danışmaq istəməyib: “Hələlik belə bir şey olmayıb. Mən isə real olmayan şey haqda danışmaq istəmirəm”.

Hüseynova “Kəpəz”in yeni baş məşqçisi Mirbağır İsayev yaxşı tanışdır. Belə ki, onlar futbol oynayanda “Neftçi”də və millidə komanda yoldaşı olublar: “Mirbağıra uğurlar arzulayıram. Gənc məşqçidir, işləməlidir. Fikrimcə, “Kəpəz” daha yaxşı edə bilər və İsayevin işinin uğurlu olmağını istərdim”.

Mehman SÜLEYMANOV