“Deməzdim ki, “pik nöqtəyə” çatmışam” – MÜSAHİBƏ
24.11.2011 - 17:14
“Deməzdim ki, “pik nöqtəyə” çatmışam” – MÜSAHİBƏ
“İnter”in futbolçusu Nizami Hacıyev klubunun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçisi söhbətində hesabat turunda “Qarabağ”a qarşı keçirilən görüş və növbəti turda qarşılaşacaqlar AZAL komandası ilə keçiriləcək oyun haqqında fikirlərini açıqlayıb. O, həmçinin milli komandadakı debütdən danışıb.

- Öncə "Qarabağ" komandasına qarşı keçirilən görüş barədə nə deyə bilərsiniz?
- “Qarabağ” Azərbaycanın ən titullu klublarından biridir. Oyun çox çətin alındı. Qarşılaşma gərgin mübarizə şəraitində keçdi və zənnimcə, heç-heçəni layiqli nəticədir. Düzdür, biz qələbəyə köklənmişdik, növbəti üç xalı qazanmaq istəyirdik. Bunun üçün əlimizdən gələni etdik, amma əfsuslar olsun ki, qələbə qazana bilmədik. Fikirimcə, heç-heçə də bizim üçün pis nəticə sayılmamalıdır. Ona görə ki, digər liderlər də xal itkisinə məruz qaldılar və bizdən uzaqlaşa bilmədilər.

- Oyunboyu, həm birinci, həm də ikinci hissədə siz müxtəlif məsafələrdən tez-tez qapıya zərbə endirirdiniz. Bu, məşqçinin tapşırığı idi, yoxsa...
- Yox, məşqçi mənə heç nə deməmişdi. Məndə, sadəcə, qol vurmaq hissi və istəyi var idi. Çox arzulayırdım ki, fərqlənim və komandamıza qələbə qazandırım. Ən əsası da ona görə ki, qələbə bizi turnir cədvəlinin 1-ci pilləsinə yüksəldirdi. Məhz buna görə də tez-tez qapıya zərbə endirirdim.

- Oyundan sonra keçirilən mətbuat konfransında “İnter”in baş məşqçisi Kaxaber Sxadadze bildirdi ki, komandanın bəzi futbolçularında soyuqqanlıq çatışmır. Bu fikirə sizin münasibətiniz necədir?
- Əgər baş məşqçi bunu deyirsə, deməli, bu həqiqətən də çatışmayan cəhətlərimizdən biridir. Bəzi epizodlarda bizə soyuqqanlıq çatışmır. Qol epizodlarında daha soyuqqanlı olsaq hər şey daha fərqli və bizim üçün daha yaxşı ola bilər.

- Siz artıq qeyd etmisiniz ki, qələbə “İnter”i turnir cədvəlinin 1-ci yerinə çıxarırdı, bununla belə, heç-heçə də komandanızın irəliləməsinə imkan verdi. Artıq “İnter” "Neftçi" klubunu qabaqlıyır...
- Mən elə fikirləşirəm ki, bizim bu günə turnir cədvəlində vəziyyətimiz normaldır. Nəticələr əla olmasa belə, onları yaxşı adlandırmaq olar. İnşallah, qarşıdakı görüşdə AZAL-ı məğlub edəcəyik və turnir cədvəlindəki mövqeyimizi daha da yaxşılaşdıraçağıq. Onlardan sonra bizi Lənkərana çətin səfər gözləyir. Mənim fikirimcə, biz qarşıdakı oyunda qələbə qazanmağı bacarsaq, o zaman “Xəzər-Lənkəran”a qarşı meydana daha rahat çıxa bilərik. Qələbə qazandıqdan sonra öz güçünə daha çox inanmağa başlayırsan və zənnimcə, bu amil bizə Lənkəranda keçiriləcək oyunda böyük köməklik göstərə bilər. Ona görə də biz AZAL-a mütləq qalib gəlməliyik.

- Dediyiniz kimi, növbəti rəqib – AZAL-dır. Bu komandada bir az əvvəl məşqçi istefası baş verdi və bundan sonra onlar ardıcıl 2 qələbə qazana bildilər. Qarşıdakı görüş və rəqib komanda barədə fikirlərini bilmək maraqlı olardı...
- Biz hər bir rəqibə hörtmətlə yanaşırıq, AZAL klubuna da həmçinin. Onların əvvəlki məşqçisi istefa verdikdən sonra bu klub ardıcıl 2 qələbə qazanıb. Buna baxmayaraq, biz çalışacağıq ki, öz oyunumuzu göstərib avtivimizə növbəti 3 xal yazaq. Bizi rəqibin formada olması və ya olmaması elə də maraqlandırmır, biz hər oyuna qələbə ardınca çıxırıq və məqsədlərimiz dəyişməzdir.

- “Qarabağ”la oyundan öncə Azərbaycanın milli komandasının heyətində 2 yoxlam görüşü keçirdiniz. Belə sıx qrafikdə, yəni ki, bir həftə ərzində 3 dəfə meydana çıxmaq sizin üçün çətin olmadı?
- Deməzdim ki, çətin oldu. Futbolçu, sadəcə, özü hər oyuna hazırlaşmalıdır. Hər bir prosesi vaxtı-vaxtında eləyərək, belə qrafikdə oynamaq olar. Axı İspaniyada və İngiltərədə klublar hər üç gündən bir meydana çıxır. Əgər məşqçi məni meydana buraxırsa, deməli, vəziyyətim və formam qənaətbəxşdir. Özüm də həmişə komandaya fayda verməyə çalışıram.

- Yeri gəlmişkən, bu sizin yığmada debüt oyununuz oldu. Yəqin ki, bu anı səbirsizliklə gözləmisiniz?
- Məni yığma komandaya çağırdılar və böyük məmnuniyyətlə bu təklifi qəbul etdim. Deyə bilərəm ki, millidə oynamaq mənim üçün böyük şərəfdir. Həm Albaniya, həm də “Union Berlin” klublarına qarşı keçirilən oyunlarda mən əlimdən gələni etməyə çalışdım ki, komandaya kömək edim. Bilirsiniz, yığmada oynayanda birinci növbədə ölkənin adı gedir. Ona görə də futbolçu daha da istəkli və məsuliyyətli olur. Məni yenə yığmaya dəvət etsələr, yenə də canla-başla çalışacağam ki, komanda üçün əlimdən gələn köməyi göstərim, ölkə bayrağının daha yüksəklərə ucaldılmasına öz töhfəmi verim.

- Ötən mövsüm sizin üçün uğursuz alındı. Yayda “İnter”ə qayıtdınız və mövsümdən əvvəlki təlim-məşq toplanışında əsasən formanı bərpa etməklə məşğul oldunuz. İndi necə, deyə bilərik ki, siz artıq formanızı bərpa etmisiniz?
- Deməzdim ki, “pik nöqtəyə” çatmışam, amma məşqdən-məşqə və oyundan-oyuna özümdə artım hiss edirəm. Öz üzərimdə çox çalışıram və istəyirəm ki, öz oyunumla komandaya kömək edim. Mən hətta məşqlərdən sonra qalıb, öz səhvlərim üzərində işləyirəm. İnanıram ki, irəliləyən vaxtda daha yaxşı oyun sərgiləyə bilərəm.
0