“İstəsələr, pulumuzu verərlər”
25.11.2011 - 00:01
“İstəsələr, pulumuzu verərlər”
“Bakı” ilə oyundan sonra rəhbərliklə söhbətimiz oldu. Yenə həmin sözləri dedilər ki, pul olmadığından, borcu verə bilmirik. Gəlin, komandaya çətin vaxtda kömək edin, dekabra kimi oynayın”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Turan”ın futbolçusu Ayxan Abbasov deyib.

Klubun ona olan borcu üzündən düşərgədən ayrılan təcrübəli müdafiəçi Bakıda fərdi məşq edir. Tovuzluların bir sıra futbolçuları, əsasən legionerləri və baş məşqçisi Əsgər Abdullayev qayıtsa da, Abbasov bəzi komanda yoldaşları kimi bunu etməyib.

O, yenə rəhbərliyin münasibətindən gileylənib: “Turan”da elə atmosfer var ki, orada oynamaq istəmirsən. Deyirlər ki, gücümüz çatmır, pul verə bilmirik. “Bakı” ilə oyuna əvəzedicilərin göndərirlər, bundan sonra isə “Kəpəz”lə matçda əsas komanda ilə çıxmaq istəyirlər. Oyuna 3 gün qalmış “gəlin, kömək edin” deyirlər. Axı “Kəpəz”lə oyuna 3 günə necə hazırlaşmaq olar? Biz yalnız pulu fikirləşmirik. Belə idisə, elə “Bakı” ilə oyuna da çıxardıq. Bir sözlə, klubda peşəkar yanaşma yoxdur. Onda orada qələbə, nəticə olmayacaq. Belə komandada oynamaqdansa, elə dekabra kimi evdə oturaram. İndi də 5-10 günə pulu verəcəklərini söz veriblər. Ancaq bu, hələ vəd olaraq qalır”.

“Bakı” ilə oyunda “Turan”ı kapitan qismində ən təcrübəli futbolçusu Ruslan Abbasov çıxarmışdı. Nadir Nəbiyev də onun kimi Tovuz futbol məktəbinin yetirməsi olsa da, komandaya qayıtmayıb. Halbuki, Ruslanla Nadir uzun illər şərəfini qoruduqları doğma klubun çətin vaxtlarında ona kömək olublar.

Ayxan Nəbiyevin tərəfini saxlayaraq, həmsoyadını qınadı: “Ruslan oyundan sonra müsahibə verib ki, belə oynamaq olmaz, belə getsə, “Turan” I diviziona düşəcək. Elədirsə, niyə meydana çıxırsan? Nadir “Turan”a qayıtmırsa, deməli, bunun səbəbi var. O da bunu komanda daxili ab-havaya görə edir. Nəbiyev vaxtilə “Olimpik”ə getmişdi, ona kapitanlıq verilmişdi. Ancaq həmin vaxt bundan üz çevirib, Tovuza qayıtdı. “Turan”a çətin vaxtda kömək etmək lazım idi ki, Premyer Liqada qalsın. O da təmənnasız bunu etdi, komanda I diviziona düşmədi. Nadir həmin vaxt pulu fikirləşsəydi, “Turan”a qayıtmazdı. Milli komandanın oyunu ilə əlaqədar çempionatda 14 günlük fasilə oldu. Ancaq “Turan” bundan yararlanmadı, futbolçuları hərəsi bir tərəfdə idi. Biz də klubda maddi cəhətdən problemin olduğunu başa düşürük, lazım olsa, kömək edərik. Ancaq ayrı-seçkiliyi görəndə, qayıtmaq istəmirsən”.

Abbasovun sözlərinə görə, legionerləri qaytaran “Turan” maddi problemləri yoluna qoya bilər: “Görürsən ki, klub yiyəsiz deyil, yiyəsi var. İstəsələr, pulu verə bilərlər. Necə ki 5-10 manat pul tapıb, legionerləri qaytarırlar. Əvvəl “Turan”da oynamağım dövrdə belə deyildi. Onda futbolçular, yerlilərlə legionerlər arasında fərq qoyulmurdu. Baş məşqçimiz Əsgər Abdullayev söz vermişdi ki, hər şey yaxşı olacaq, maddi problem olmayacaq. Ancaq belə olmadı”.