İsrail yığması seçmə mərhələyə millimizlə oyunla başlamaq istəmir
25.11.2011 - 09:57
İsrail yığması seçmə mərhələyə millimizlə oyunla başlamaq istəmir
“Seçmə mərhələyə 2 ev oyunu ilə başlamaq istəyirik. Bu, zəif və favorit komandadan biri olmalıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İsrail Futbol Federasiyasının prezidenti Avi Luzon deyib.

DÇ-2014-ün seçmə mərhələsinin təqviminin müzakirə olunacağı Lüksemburqa səfəri öncəsi fikirlərini açıqlayan Luzonun sözlərinə görə, ilk oyunu Azərbaycanla keçirmək istəmirlər: “Öz meydanımızda Lüksemburq və Portuqaliya ilə başlamaq variantları bizi tam qane edir. Lüksemburq və ruslarla evdə oynamaq da bizi razı salır. Portuqaliya və Rusiya ilə 4 gündə oynamağı qətiyyən istəmirik. Bundan əlavə, Rusiyaya soyuq havada yollanmaq istəyi ilə də alışıb-yanmırıq”.

Baş məşqçi məsələsinə də toxunan prezident bildirib ki, təyinatla bağlı məsləhətləşmələr yanvarın əvvəlində başlayacaq. Hərçənd, İsraildə yeni çalışdırıcının 54 yaşlı Eli Qutman olacağına şübhə etmirlər.

Qeyd edək ki, Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya, Azərbaycan, Lüksemburq yığmalarının yer aldığı F qrupunda təqvimlə bağlı müzakirələr bu gün keçiriləcək.