“Sumqayıt Şəhər” Almaniyadan futbolçu gətirir
25.11.2011 - 11:51
 “Sumqayıt Şəhər” Almaniyadan futbolçu gətirir
Premyer Liqanın autsayderi “Sumqayıt Şəhər” qış fasiləsində heyətini gücləndirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, debütantın transfer siyahısına düşən legionerlərdən birinin adı müəyyənləşib. Bu, türk əsilli almaniyalı Uğur Pamukdur.

22 yaşlı sağ cinah yarımmüdafiəçisi 2012-ci ildən etibarən karyerasını “Sumqayıt Şəhər”də davam etdirəcək ki, bu da onun karyerasında ilk peşəkar klub olacaq. Almaniyanın həvəskar liqalarından birində mübarizə aparan “Dornberq”in şərəfini qoruyan Pamuk bir müddət əvvəl Azərbaycan yığmasının da diqqət mərkəzində olub.

Belə ki, bu ilin yazında milliləşməsi gündəmdə olan yarımmüdafiəçi yığmanın seleksiya xarakterli təlim-məşq toplanışına da qatılmışdı. Lakin bundan sonra Berti Foqts ona ehtiyac görmədi. Əvəzində Foqtsun həmyerlisi, Sumqayıt təmsilçisinin almaniyalı çalışdırıcısı Bernhard Raab həmvətənini öz komandasında görmək istəyir.

Qeyd edək ki, Uğurun Azərbaycan üçün qazanılmasında saytımızın da rolu olub. Belə ki, ölkəmizdə heç kimin tanımadığı almaniyalını məhz apasport.az tapıb üzə çıxarmışdı. Futbolçu da saytımıza açıqlamasında milliləşməyə hazır olduğunu bildirmişdi.
0