30 yaşlı futbolçu: Gələcəkdə milliyə faydalı ola bilərəm
25.11.2011 - 13:22
30 yaşlı futbolçu: Gələcəkdə milliyə faydalı ola bilərəm
“AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin son iclasında iştirak edib, Şəhriyar Xəlilovu vurduğum epizodla bağlı fikirlərimi bildirdim. Məni hörmətlə dinlədilər, ardından isə müzakirələr başladı. Ümidim var idi ki, cəzamı yüngülləşdirəcəklər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin futbolçusu Rəşad Abdullayev deyib.

Premyer Liqada “Xəzər Lənkəran”la oyunun əvvəlində rəqibi Şəhriyar Xəlilovun üzünə sillə vurduğu üçün AFFA-nın İntizam Komitəsi noyabrın 10-da keçirdiyi iclasında Rəşada 4 oyunluq cəza və 4000 manatlıq cərimə vermişdi. “Neftçi” qərarın yüngülləşdirilməyi ilə bağlı AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə 2-ci dəfə müraciət etsə də, qərar yenə qüvvədə saxlanılıb.

Abdullayev xoş xəbər eşitməsə də, qərara qarşı çıxmır: “İstənilən halda, AFFA-nın qərarına hörmətlə yanaşıram. Qərar qüvvədə qaldığından, çempionatda daha 3 matçda meydana çıxa bilməyəcəyəm. Sadəcə, indi yaxşı formadayam və komandamın yanında olub, kömək etmək istəyirəm. Yerli futbolçuyam və gələcəkdə milli komandaya faydalı ola bilərəm. Həm də ümid sonda bitir. Bütün bunları nəzərə alıb, cəzanın yüngülləşəcəyinə ümid edirdim”.

Cəzadan dərs alan Abdullayev Xəlilovun zərbəsindən sonra ayağının sınacağından qorxub: “Həmin epizoddan dərhal sonra ayağa qalxıb, Şəhriyardan 3 dəfə üzr istədim, onu qucaqladım. Mən birdən-ikidən elə hərəkət etməmişəm... Hər şey ani baş verdi. Şəhriyar ayağıma arxadan zərbə vuranda, güclü ağrı hiss etdim, buna dözmədim. Həmin ayağım vaxtilə sınmışdı. Elə bildim ki, yenə sındı, ona görə belə reaksiya verdim. Həm də uzun illər “Xəzər Lənkəran”da oynamışam, Şəhriyar da gənc futbolçudur, kiçik qardaşımızdır. Adətən futbolçu keçmiş komandasına qarşı oynayanda, stress keçirir. Bütün bunlar öz təsirini göstərdi. Bizim aramızda münaqişə olsaydı, bu, sonra da davam edərdi. Ancaq oyun da göstərdi ki, insidentə elə orda son qoyuldu, Şəhriyarla daha meydanda qarşıdurmamız olmadı”.

Abdullayev gənc futbolçulara örnək olmağın vacibliyini bildirib: “10 ildir futbol oynayıram, heç vaxt rəqib futbolçuya qarşı kobudluq etməmişəm, hakimi söyməmişəm. Sadəcə, uduzmağı xoşlamıram və meydanda emosionallığım bununla bağlıdır. Həmin çılğınlıq içimdə olur. Əlbəttə, biz təcrübəli futbolçular gənclərə nümunə olmalıyıq. Həmin epizodda səhvim olub, günahım varsa, heç vaxt boynumdan atmıram. Mətbuata da açıqlamalarında peşman olduğumu bildirmişəm. Sadəcə, yaxşı formada olduğum vaxtda oynamamaq mənə ağırdır. Oyun praktikası sarıdan korluq çəkməyimdən, mənə çətindir. Əvvəllər çox sarı vərəqə alırdım, “Neftçi”yə gələndən sonra bunu xeyli azaltmışam. Bu mövsüm almamışam. Yeganə qırmızı vərəqəm isə kobud oyuna görə yox, ötən çempionatın son turunda “Xəzər Lənkəran”la matçda simulyasiyaya görə idi”.

İstənilən halda, 30 yaşlı futbolçu artıq növbə həftə “Neftçi”yə kömək edə biləcək: “Daim məşq edirəm, komandanın hazırlığında iştirak edirəm. Noyabrın 30-da “Simurq”la Zaqataladakı kubok matçına hazırlaşıram. Məlum olduğu kimi, Premyer Liqa və kubokda cəzalar bir-birinə şamil olunmadığından, kubokda oynaya biləcəyəm”.

Qeyd edək ki, Premyer Liqada “Qarabağ”la sabahkı səfər matçı ilə yanaşı, “Simurq” və AZAL-la ev oyunlarını da buraxacaq Rəşadın cəzası bundan sonra bitəcək. O, dekabrın 17-də “İnter”lə səfər matçında oynaya biləcək.

Mehman SÜLEYMANOV