Berti Foqts üçün ilk, 4-cü dəfə evdə, 4-cü dəfə 7 sentyabrda
25.11.2011 - 15:12
Berti Foqts üçün ilk, 4-cü dəfə evdə, 4-cü dəfə 7 sentyabrda
Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsinə evdə başlayacaq. Apasport.az saytının məlumatına görə, gələn il sentyabrın 7-də İsraili qəbul edəcək komandamız tarixində 4-cü dəfə seçmə mərhələnin ilk matçını öz meydanında keçirəcək.

Ümumilikdə 10-cu, sayca yubiley mərhələsinə qatılacaq millimizin startı ilə bağlı maraqlı tendensiya yaşanır. Komandamız ilk 3 mərhələyə səfərdə başlayıb. Növbəti 3 mərhələ isə Bakıda start götürüb. Sonrakı 3 mərhələ isə yenə səfərdə olub. 4-cü “3 tsiklə” isə yenə öz meydanımızda başlayacağıq.

Elə bundan görünür ki, millimiz sonuncu dəfə 2004-cü ildə Uelsi qəbul edəndə, mərhələyə evdəki oyunla start verdi. DÇ-2006-dan sonra növbəti ev startını 8 il gözləmək lazım gəldi. Bu isə yığmamızın baş məşqçisi Berti Foqtsun hər 2 seçmə tsikldə səfərdə siftə etməsindən xəbər verir. Son 2 mərhələdə müəyyənləşdirdiyi rekordlarla yığmada qalacağına zəmin verən və bu üzdən komandada saxlanılacağı gözlənilən almaniyalı ilk dəfə startı evdə gerçəkləşdirə bilər.

8 ildən sonra 4-cü dəfə evdə oynayacaq millimiz üçün sentyabrın 7-si tarixi də tanışdır. Komandamız 17 il əvvəl tarixinin ilk seçmə oyununu da bu tarixdə keçirib. AÇ-1996, DÇ-2006 və AÇ-2012-də millimiz seçmə mərhələyə bu tarixdə başlayıb. Bu matçlardan biri – 9 il əvvəl İtaliya ilə oyunda Bakıda və sentyabrın 7-də baş tutmuşdu.

Seçmə mərhələlərin ilk oyunları
7 sentyabr 1994. Buxarest. AÇ-96. Rumıniya – Azərbaycan 3:0
2 iyun 1996. Oslo. DÇ-98. Norveç – Azərbaycan 5:0
5 sentyabr 1998. Koşitse. AÇ-2000. Slovakiya – Azərbaycan 3:0
2 sentyabr 2000. Bakı. DÇ-2002. Azərbaycan – İsveç 0:1
7 sentyabr 2002. Bakı. AÇ-2004. Azərbaycan – İtaliya 0:2
4 sentyabr 2004. Bakı. DÇ-2006. Azərbaycan – Uels 1:1
2 iyun 2006. Belqrad. AÇ-2008. Serbiya – Azərbaycan 1:0
6 sentyabr 2008. Kardif. DÇ-2010. Uels - Azərbaycan 1:0
7 sentyabr 2010. Köln. AÇ-2012. Almaniya - Azərbaycan 6:1