Devran Ayhan: Bu, atamın işidir
26.11.2011 - 00:15
Devran Ayhan: Bu, atamın işidir
“Xəzər Lənkəran” və “Qarabağ” klublarının sabiq futbolçusu Devran Ayhanın apasport.az saytına müsahibəsi

- Heç bir klubla bağlılığınız olmadığı halda, Azərbaycanda qalmağınıza səbəb nədir?
- Hardan bilirsiniz ki, futbola bağlılığım yoxdur?

- Çünki hazırda heç bir klubda oynamırsınız...
- Əslində, “Qarabağ”la rəsmi müqavilə imzalamışdım. Bundan sonra arada bir qədər anlaşmazlıq oldu. Ardından bu komandanı tərk etmək məcburiyyətində qaldım. Hadisə son anda baş verdiyi üçün başqa bir klubla anlaşa bilmədim. İnşallah, qış fasiləsində klublardan biri ilə müqavilə bağlayacam. Əlbəttə ki, hazırkı durumumdan çox narahatam. Amma əlimizdən gələn bir şey yoxdur. Bəzən həyatda belə şey olur.

- Transfer vərəqəniz əlinizdədir?
- Yox. Hazırda “Qarabağ”la bir müqaviləm qüvvədə olduğu üçün transfer vərəqəm də onlardadır.

- Qışdan etibarən elə bu klubda oynamaq ehtimalınız varmı?
- Əgər qarşı tərəf bunu istəyərsə, niyə də olmasın?

- “Qarabağ”dan ayrılmağınızın səbəbi nədir?
- Əslində, çox hörmət bəslədiyim bir komandadır. Mən Türkiyədə 400-dən çox oyun keçirmişəm. Artıq həmin hadisənin dərinliyinə getmək istəmirəm.

- Baş məşqçi Qurban Qurbanovla aranızda problem olub?
- Xeyr, hansısa problem yox idi.

- Həmin dönəmdə Türkiyədən də dəvət almamışdınız?
- Təklif vardı. Türkiyə üçün çox xidmət etmişəm. Madam ki, bura gəlmişəm, 3 ili tamamlayıb, əsgərlik problemini həll edib sərbəst şəkildə ölkəmə qayıtmaq istəyirəm.

- Amma Azərbaycandan gedən türk futbolçular ikinci liqadan yuxarı qalxa bilmirlər. Buna izah verə bilərsinizmi?
- Futbolçunun yaşına yox, oynadığı futbola baxmaq lazımdır. Hər şey tərsinə olduğu üçün bizim “Bank Asiya” Liqasında oynamaq ehtimalımız daha çoxdur. Amma mən “Sivasspor”la Türkiyə ikincisi olub, UEFA-da oynadıqdan sonra Azərbaycana gəlmişəm. Əgər Türkiyədə qalsaydım, bundan daha üst pillələrdə olardım. Rasim Karanın dəvətini qəbul edib gəldim. Onun təklifini yerə sala bilməzdim. Rasim Kara vaxtilə mənə çox böyük yaxşılıq edib.

- Bu yaxşılıq nədən ibarətdir?
- O, mənim üçün çox vacib bir adamdır. Rasim Kara məni futbola qazandıran insandır.

- Hal-hazırda məşq edirsiniz?
- Əlbəttə. Futbolla vidalaşmaq fikrində deyiləm. Hazırda mən komandalarla danışığa başlamışam. İnsanın ayağı zədələnir, 4-5 ay oynamırsa, mənim belə bir problemim yoxdur. Yenə də, Allaha şükür etmək lazımdır.

- Azərbaycan və Türkiyə liqaları arasında seçim olarsa, hansına üstünlük verərsiniz?
- Azərbaycana gəlmək asan olsa da, burada yaşamaq çox çətindir. Gəlib-gedənləri çox görmüşəm. Yəqin ki, mən nəsə bir şey etmişəm ki, bu qədər burada qalmışam. “Xəzər Lənkəran”da yaxşı oyunlar keçirdim.

- Rasim Karanın gedişindən sonra da cənub klubunda qaldınız. Sizcə, “Xəzər Lənkəran”ı tərk edib, “Qarabağ”a gəlmək səhv addım deyildi?
- Lənkəranda 2 il oynadım. Orada yaşamaq mənim üçün çətin oldu.

- Hazırda hər 2 sabiq komandanız çempionluq üçün oynayır. Bunlardan hansı məqsədinə çata bilər?
- Lənkəranda futbol oynadığını, stadionda olduğunu hiss edirsən. Orada azarkeşlər futbolu çox sevirlər.

- “Qarabağ”dan hazırda pul alırsınızmı?
- Yox.

- Bizdə olan məlumata görə, sizi Azərbaycana tək futbol bağlamır. Eyni zamanda Azərbaycanda kafe-restoran işlədirsiniz. Bu, nə dərəcədə doğru informasiyadır?
- Əslində, bu işləri daha çox atam həyata keçirib. Atamın burada tanıdığı insanlar vardı. Belə bir təklif gəlincə, bu sahədə işə girişdi. Mənim üçün hazırda bunlar deyil, futbol daha önəmlidir.

- Həmin mərkəzə siz nəzarət etmirsiniz?
- Yox. Sadəcə, bizim burada bir payımız var. Oranı heç sevmirəm. Əslində, bu, atamın işidir. Onun İstanbulda, eləcə də dünyanın başqa yerlərində də belə işləri var.

- Yəqin ki, belə bir iş gördüyünüzü futbolçu dostlarınız da bilir. Həmin kafelərə gəlib-gedənlər varmı?
- Orada azərbaycanlı futbolçu görməmişəm. Sadəcə, həmin kafeyə Azərbaycanda top qovan əcnəbi futbolçular gəliblər. Restoran tipli olduğu üçün yeməklər də verilir.

- Yəni, sırf əyləncə məkanı deyil?
- Yox-yox. Qətiyyən. Hətta əcnəbi futbolçular öz ailələri, uşaqları ilə birlikdə ora gəlirlər.