Fatih Kavlak: Onlar istənilən vaxt matçın taleyini həll edə bilərlər
26.11.2011 - 00:01
Fatih Kavlak: Onlar istənilən vaxt matçın taleyini həll edə bilərlər
“Bizi Bakıda çətin oyun gözləyir. Çünki rəqibimiz çox güclüdür”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlak deyib.

Bu gün Premyer Liqanın XIV turu çərçivəsində “Bakı” ilə qarşılaşacaq “Qəbələ” artıq paytaxtda məskunlaşıb. Ötən həftə debütündəcə son çempion “Neftçi”ni üstələyən Kavlak bu seriyanı davam etdirmək niyyətindədir.

Əyalət klubunun çalışdırıcısı digər klublarla müqayisədə “Bakı”nın ehtiyat oyunçular skamyasında yer alan futbolçuların da təhlükəli olduğunu vurğulayıb: “Evdə yaxşı oynayırlar. Ehtiyatda da güclü futbolçuları var. Hansı ki, onların hər biri istənilən an meydana daxil olub, qarşılaşmanın taleyini həll edə bilərlər”.

“Neftçi” ilə matçda qazanılan qələbədən sonra türkiyəli mütəxəssis heyətdə köklü dəyişiklik etmək niyyətində deyil. Onun hücum xəttində bu dəfə fərqli futbolçuya şans verəcəyi dəqiqdir: “Neftçi” ilə oyunda hücumçu kimi çıxış edən Deon Barton “Bakı ilə matçda meydana çıxmayacaq. Çünki zədəlidir. Buna görə də hücum xəttində dəyişiklik olacaq. Ümumiyyətlə, son oyunla müqayisədə cüzi dəyişikliyə əl atacağıq”.

Bakıya qələbə üçün gəldiklərini deyən Kavlak futbolçuları psixoloji cəhətdən tam hazırladığını deyib: “Rəqibin gücündən, futbolçularının səviyyəsindən asılı olmayaraq, Bakıya qələbə qazanmaq üçün gəlmişik. Komandamız oyuna hazırdır”.