Milli komandamız üçün uğursuz sonluq: Tarazlıq bərpa olunacaq
25.11.2011 - 20:01
Milli komandamız üçün uğursuz sonluq: Tarazlıq bərpa olunacaq
Azərbaycan yığmasının seçmə mərhələlərin son oyunlarında tarazlıq yaranacaq. Apasport.az saytının məlumatına görə, millimiz 10-cu dəfə iştirak edəcəyi seçmə mərhələlərdə 5-ci dəfə mübarizəni evdə yekunlaşdıracaq. Bunadək 5 dəfə son matçı səfərdə, 4 dəfə öz meydanımızda keçirmişik.

Yığmamız DÇ-2014-ə Rusiya ilə ev oyunuyla yekun vuracaq ki, bu da balansda bərabərliyin olmağı deməkdir. Maraqlıdır ki, ruslarla bundan əvvəlki DÇ-nin seçmə mərhələsində də bir qrupa düşmüş və onda da sonda oktyabrda ev oyunumuzda görüşmüşük. AFFA rəhbərliyi həmin vaxt baş məşqçimiz olan Berti Foqtsla müqaviləni uzadarsa, almaniyalı mütəxəssis yenə eyni ssenarinin iştirakçısı olacaq. O, seçmə 2 mərhələsində mübarizəyə həm evdə, həm də səfərdə başa vurmağın nəticəsini görüb.

DÇ-nin seçmə mərhələsində son oyunlarımıza nəzər yetirsək, bunu əksər vaxt səfərdə keçirdiyimizi görərik. İstisna yalnız ruslarla Bakıda 1:1 hesabı ilə nəticələnən matç olub və yenə ənənə davam edəcək. İlk seçmə mərhələdə mübarizəyə öz meydanımızda yekun vursaq da, onda bunu Türkiyənin Trabzon şəhərində keçirmişdik. Çünki həmin vaxt FİFA və UEFA ölkəmizdə vəziyyətin qeyri-sabit olduğunu əsas gətirərək, rəqiblərimizi xaricdə qəbul etməyə qərar vermişdi. Polşa yığması ilə Trabzondakı həmin matç 1:1 hesabı ilə nəticələndi və bu, cari seçmə mərhələdə qazandığımız ilk xal kimin tarixə düşdü.

Bakıdakı son oyunlarımızın hər 3-də isə 1 qol buraxmağımız diqqət çəkir. Ümumiyyətlə, seçmə mərhələlərin yekunu milli komandamız üçün adətən uğursuz alınır. Təsadüfi deyil ki, seçmə mərhələnin sonunda heç vaxt qalib gəlməmişik. Keçirilən 9 oyundan 7-də uduzmuşuq, 2-də heç-heçə etmişik. Sonda qol vurduğumuz yeganə oyun ruslarla həmin 1:1 hesablı bərabərlikdir. Qolun müəllifi isə hazırda Rusiyanın “Volqa” klubunda oynayan, Avstriya yığması ilə Bakıdakı matçdan sonra millimizin düşərgəsini tərk etdiyinə görə AFFA-nın 1 illik cəzalandırdığı hücumçu Vaqif Cavadovdur.

Azərbaycan milli komandasının seçmə mərhələlərdə son oyunları

Avro-1996
15 noyabr 1995-ci il. Trabzon. Azərbaycan – Polşa – 0:0

DÇ-1998
11 oktyabr 1997-ci il. Sürix. İsveçrə - Azərbaycan – 5:0

Avro-2000
9 oktyabr 1999-cu il. Bakı. Azərbaycan – Slovakiya – 0:1

DÇ-2002
7 oktyabr 2001-ci il. Stokholm. İsveç – Azərbaycan – 3:0

Avro-2004
11 oktyabr 2003-cü il. Reco di Kalabriya. İtaliya – Azərbaycan – 4:0

DÇ-2006
12 oktyabr 2005-ci il. Kardiff. Uels – Azərbaycan – 2:0

Avro-2008
21 noyabr 2007-ci il. Bakı. Azərbaycan – Belçika – 0:1

DÇ-2010
14 oktyabr 2009-cu il. Bakı. Azərbaycan – Rusiya – 1:1

Avro-2012
11 oktyabr 2011-ci il. İstanbul. Türkiyə - Azərbaycan – 1:0

DÇ-2014
15 oktyabr 2013-cü il. Bakı. Azərbaycan – Rusiya - ???

Mehman SÜLEYMANOV
0