Camal Məmmədov: Vallah ayıbdır
26.11.2011 - 00:08
Camal Məmmədov: Vallah ayıbdır
“Kəpəz”lə oyundan öncə bizi çağırdılar. Mənim Aftandil Hacıyevin, Ayxan Abbasovun və Nadir Nəbiyevin qayıtmasını istədilər. Amma pulsuz. Deyəsən, sonradan prezident Musa Süleymanov deyib ki, mənə belə adamlar lazım deyil. Əgər Musa müəllim bu sözü deyibsə, biz niyə getməliyik? Heç getməyəcəyik də”.

Bu sözləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunda oynamaqdan imtina edən Camal Məmmədov deyib.

“Standard” və “İnter”in sabiq üzvü bildirib ki, qərb klubunda oynadığı dönəmdə heç nə qazanmayıb: “Orada heç nə qazanmadım. Sadəcə, son anda gəlib, formamı bərpa etdim. Onu deyə bilərəm ki, ancaq öz cibimdən pulum gedirdi. Heç nə qazana bilmirdim”.

“Turan” “Kəpəz”lə oyuna əsas heyətlə çıxsa da, 4 futbolçu fikrində qalıb. Camal geri qayıdanlar barəsində danışarkən, onlara pul verildiyini ehtimal edib: “Turan”da vəziyyət olduqca pis idi. Qələbəyə görə, 100-200 dollar mükafat qoyurdular. Vallah, ayıbdır. Düzü, legionerlərin qayıdışını başa düşmədim. Çünki bizdən çox onlar deyirdilər ki, pul verilməsə qayıtmayacağıq. Yəqin ki, pul verib, legionerlərin ağzını yumublar”.

28 yaşlı futbolçu düşərgədən ayrılsa da, transfer vərəqini götürməyib: “Vərəqi qışda götürəcəyəm. İnanmıram ki, problem olsun”.

Qeyd edək ki, Camal Məmmədov “Turan”dan öncə, “MKT-Araz”, “Standard”, “İnter” kimi klubların formasını geyinib.
0