“Vacib olan “Qarabağ”ın öz oyununu sərgiləməsidir”
25.11.2011 - 21:09
“Vacib olan “Qarabağ”ın öz oyununu sərgiləməsidir”
“Vacib oyuna hazırlaşırıq. Ümumiyyətlə, indi zəif rəqib yoxdur ki, hansısa matça rahat çıxasan”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Namiq Yusifov deyib.

Sabah “Neftçi” ilə qarşılaşacaq “Qarabağ” qələbəsiz oyunlar seriyasına son qoymaq niyyətindədir. Matçın hazırlığını Quzanlıdakı Olimpiya kompleksində həyata keçirən Ağdam təmsilçisi havanın soyuq olmasına baxmayaraq, meydançanın yaxşı vəziyyətdə olmasından yararlanmaq istəyir: “Düzdür, hava çox soyuqdur, amma qar yoxdur. Meydança təmizlənib. Fikirləşirdik ki, yəqin palçıq olacaq. Ancaq qazon gözlədiyimizdən daha yaxşıdır”.

Əzəli rəqibi ilə birinci dövrədən təxirə salınmış oyunun fasiləsinə qədər 2 top üstünlüyü ilə irəli çıxan “Qarabağ” ikinci hissədə qapısından 3 top buraxmaqla məğlub olub. Ölkə çempionatında nadir görünən bu vəziyyətin yenidən təkrar olmasına gəldikdə, futbolçu səhvlərdən nəticə çıxardıqlarını etiraf edib: “Birinci dövrədəki oyunu yaddan çıxarmaq istəyirik. Bu dəfə hər şeyin yaxşı olmasına çalışacağıq”.

Quzanlıda keçirilən oyunların statistikasına diqqət yetirdikdə “Neftçi”ni hələ xal qazana bilməməsinin şahidi oluruq. Ötən ilin mayında baş tutan dueldə isə “Qarabağ” böyükhesablı (3:0) qələbəni bayram etmişdi. Meydan amilinin Qurban Qurbanovun yetirmələrinin lehinə işləməsinə gəldikdə, futbolçu bunu önəmli saymır: “Harda oynamağın əhəmiyyəti yoxdur, vacib olan “Qarabağ”ın öz oyununu sərgiləməsidir. Bunu bacarsaq, istənilən rəqibi udmağa qadirik. Gərək boşluq verməyəsən”.

Son oyunlarda müdafiə xəttində boşluqların yaranmasına gəldikdə, yarımmüdafiəçi “İnter”lə görüşdə arxa xəttin xoş təsir bağışladığını deyib: “Düzdür, Rəşadın yoxluğu hiss olunur. Ancaq Zaur da hələ ki, pis təsir bağışlamır. “İnter”lə matçda müdafiədə boşluq yaranmadı”.
0