Mirça Rednik: Subaşiçin yıxıldığı epizodda penalti verilməli idi
25.11.2011 - 18:35
Mirça Rednik: Subaşiçin yıxıldığı epizodda penalti verilməli idi
“Birinci hissədə yaxşı oynadıq. Bunun da nəticəsi olaraq, 2 qol vurduq. Lakin fasilədən sonra futbolçular meydana arxayın çıxdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib.

Premyer Liqanın XIV turunun “Simurq”la səfər oyunu (2:2) haqda fikirlərini açıqlayan Rednik hakimliklə bağlı narazılıqlarını ifadə edib: “Arxayınlaşmanın nəticəsində xallar itirdik. Hər 2 qolu standart vəziyyətdən buraxdıq. Hakimlik haqda danışmaq istəmirəm. Lakin hər dəfə məcbur oluram. Ardıcıl neçənci dəfədir ki, hakimlər oyunumuza təsir edir. “Neftçi” ilə oyunda Rəşad Abdullayevə qırmızı vərəqə göstərilmədi. “Rəvan”la qarşılaşmada təmiz penaltimizi vermədilər. Bu dəfə yenə hakimlik özünü göstərdi. Subaşiçin yıxıldığı epizodda penalti verilməli idi. Hakimlər bizim 2:0 hesabı ilə öndə olduğumuzu görüb, xırda səhvlərlə oyunumuza təsir edirdilər. Hətta qırmızı vərəqə də verib komandamız azlıqda qoydular”.