Ağdamda ilk qələbə
27.11.2011 - 11:50
Ağdamda ilk qələbə
Premyer Liqanın XIV turu “Neftçi”nin “Qarabağ” üzərində tarixi qələbəsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi tarixində ilk dəfə Ağdamda qələbə qazanıb. Bu matçadək Ağdamda xal da qazana bilməyən bakılılar uğursuz seriyaya Quzanlıda son qoyub – 2:1. Bu matçadək “Neftçi” “Qarabağ”ın doğma meydanında keçirdiyi 4 çempionat və 1 kubok oyununda istisnasız olaraq uduzmuşdu.

1992-ci il oktyabrın 20-da Ağdamdakı ilk duel baş tutub. 1000 tamaşaçı “Qarabağ”ın əzəli rəqibi üzərindəki ilk qələbəsini görüb. Ərani Beydiyev bu dəfə də fərqlənsə də Elşad Əhmədov və Mahir Əliyevin qolları meydan sahiblərini sevindirib.

1993-ildəki II çempionatda tərəflər yarışın formatı ilə əlaqədar üz-üzə gəlməsələr də, əvəzində kubokun 1/4 finalında qarşılaşdılar. Aprelin 28-də ağdamlıların yenə 2:1 hesablı qələbə qazandılar. Ağdamdakı qarşılaşmanı 5000 azarkeş izlədi. Meydan sahiblərindən Mehman Alışanovla Müşfiq Hüseynov, qonaqlardan isə Samir Ələkbərov fərqləndi.

Bu qarşılaşmadan təxminən 3 ay sonra - iyulun 23-də Ağdam ermənilər tərəfindən işğal olundu. Belə də tərəflərin Qarabağın füsunkar guşəsində çempionat oyunlarını keçirmək mümkün olmadı. Bir də 16 il sonra Ağdamın müvəqqəti inzibati mərkəzi sayılan Quzanlıda növbəti Azərbaycan derbisi baş tutdu. 2009-cu il oktyabrın 18-də çempionatın təsnifat mərhələsində tərəflər qarşı-qarşıya gəldi. Azad Mütəllimovun idarə etdiyi oyunda cəmi 1 qol oldu. Vaqif Cavadovun 40-cı dəqiqədə vurduğu qol 16 illik dönüşün qələbəylə qeyd olunmasına səbəb oldu.

Rəqiblər Ağdamda həmin çempionatın final mərhələsində də qarşıladılar. 2010-cu ilin Aprelin 10-da Adamiya və Rauf Əliyevin qolları “Qarabağ”a 2:0-lıq qələbə qazandırdı.

Nəhayət ötən mövsüm. 2011-ci ilin mayın 13-də tərəflər Ağdamda 5-ci dəfə qarşılaşdılar. Elçin Məmmədovun idarə etdiyi oyunda Adamiyanın het-trikiylə gələn 3:0-lıq qələbə “Neftçi”yə tarixinin 3-cü böyük hesablı məğlubiyyətini yaşatdı.

Beləliklə, 19 illik qarşıdurma tarixində tərəflər Ağdamda 5 dəfə uduzan “Neftçi” ilk qələbəsini qazandı. Bu həm də “Qarabağ”ın Quzanlıda 4-cü məğlubiyyəti oldu. Ağdamlılar “Bakı”, “Qəbələ” və “Sumqayıt Şəhər”ə də doğma qəsəbədə məğlub olublar. Bunların sonuncu 2-nin də cari mövsüm baş tutduğunu nəzərə alsaq “Neftçi” arxada qalan 14 turda Ağdamdan qələbə ilə dönən 3-cü komanda oldu.
0