Naci Şensoydan sərt ittihamlar
28.11.2011 - 11:24
Naci Şensoydan sərt ittihamlar
Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi türkiyəli Naci Şensoyun apasport.az saytına müsahibəsi

- Son vaxtlar Azərbaycan futbolunda ən çox müzakirə olunan hakimlik mövzusudur. Yəqin ki, son olaylardan xəbərdarsınız...
- Balıq başından iylənər. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov postundan getməyibsə, hakimliyə güvənmək olmaz. Ancaq, tək Xaqanimi getməlidir? Azərbaycan futbolunun əsas problemi ölkənizdə olan iqtisadi-sosial məsələlərin bu idman növünə xeyir verə bilməməyidir. Məncə, Premyer Liqada bundan təmiz futbol gözləmək olmaz. Azərbaycan futbolunda mənfi cəhətlər olduqca çoxdur.

- Hal-hazırda oyunları əcnəbi hakimlərin idarə etməsi tələb olunur. Ümumiyyətlə, əcnəbilərin ölkəmizə dəvət edilməsi bizə xeyir, yoxsa ziyan gətirəcək?
- Azərbaycan da qloballaşan dünyadan kənarda qala bilməz. Prinsipial qarşılaşmalara xarici hakimlərin gətirilməsinə pis baxmıram. Eləcə də, əcnəbi futbolçuların gəlməsinə “hə” deyirəm, amma mütləq səviyyəlisi olmalıdır. Futbolçuların gəlişində federasiya üzərinə düşəni etməli, əcnəbilərlə əlaqəli şərtlər qoymalıdır. Məsələn, gələn futbolçunun yaşı 30-u keçməsin, öz milli komandasında oynasın.

- Bu gün Azərbaycanda infrastrukturun yaxşılaşdırılması yönündə işlər gedir, yaxşı oyunçular gətirilir. Amma yenə də meydançalara azarkeşlərin gəlməsini təmin etmək olmur. Bu problemin kökündə nə dayanır?
- Azarkeşlər oyunun nəticəsinə şübhə edirlər. Onlar elə bilirlər ki, oyunlarla hakimlərin və ya başqa şəxslərin əli ilə həll edilib. Bu səbəbdən də stadionlara gəlmirlər. Bunu ancaq düzgün hakimliyin hesabına qaldırmaq mümkündür. Tamaşaçının ürəyi rahat olmalıdır. Eyni zamanda ,daha güclü legionerlər gəlməlidir. Çünki səviyyəsiz legionerlər ancaq menecerlər üçün qazanc mənbəyidir.

- Vaxtilə çalışdığınız “Turan” hazırda tarixinin ən bərbad dönəmini yaşayır. Sizcə, Tovuz klubu bu il birinci liqaya düşəcəkmi?
- “Turan” klubunu nə qədər sevdiyimi hər kəs bilir. Haçan çətin vəziyyətdə düşdülər, məni dəvət etdilər. Mən də qaça-qaça gəlib, kömək elədim. Ötən il etdiyim kimi. 2011-ci ilin yanvar ayında “Turan”ın baş məşqçisi oldum. “Turan”la “Simurq” eyni xala malik idilər. “Simurq”un baş məşqçisi Azərbaycan çempionu olmuş, milli komandaya rəhbərlik etmiş Qyoko Haciyevski idi. Amma sonda nə oldu? “Simurq”u öz meydançasında məğlub etdik. Sonda 9 xal fərqi ilə “Turan” Premyer Liqada yerini qorudu. Çox təəssüf ki, bu böyük işi başda Musa Süleymanov olmaqla digərləri də kiçiltdi. Və onlarla yollarımız ayrıldı. Dedilər ki, Şensoy Süleymanova kuboku qazanmaq sözü vermişdi. Bu, həyata keçəcək işdirmi? Mənim birinci diviziona düşmək təhlükəsi ilə üz-üzə qalmış bir komandaya kubok qazandıracağıma söz vermək üçün ən azından onun kimi olmağım lazımdır. Allaha çox şükür ki, mən bir az ağıllıyam. Süleymanov təzə məşqçi, təzə legionerlər gətirdi. Nə oldu? Vəziyyət aydındır. Şərhə ehtiyac yoxdur. İndi Musa mənim necə bir məşqçi olduğumu görər. Mən demişəm, yenə də deyirəm. Musa Süleymanovla futbolun nə qədər uzaq olduğunu bilirsənmi? Şah İsmayıl Xətainin internetdən uzaq olduğu qədər. Odur ki, təcili sürətdə “Turan”ı Musanın əlindən almaq lazımdır. “Turan” o zaman gün işığına çıxar.

- Azərbaycanda ancaq “Turan” klubunu çalışdırmısınız. Başqa klublardan bu və digər səpkili dəvətlər almısınızmı?
- Azərbaycanda digər klublardan mənə çox dəvətlər gəldi. Amma ortaq məxrəcə gələ bilmədim. Bəzən də dəvət gələrkən mənim bir başqa klubla müqaviləm qüvvədə idi. Bundan əlavə, Ramiz Mirzəyevin vaxtında mənə Azərbaycan yığma komandasını çalışdırmaq təklifi edildi. Lakin həmin vaxt “Turan” klubu ilə müqaviləm var idi. Tovuzla Bakı arasında məsafə çox olduğuna görə, bu işə razılıq vermədim.

- Azərbaycanda tətbiq olunan “altılıq” sistemi barədə nə deyə bilərsiniz. Bu, mübarizəni qızışdırıbmı?
- Mən “altılıq” sisteminə qarşıyam. Fikrimcə, 10 komandalı bir çempionat keçirilməli və rəqiblər bir il ərzində 4 dəfə oynamalıdırlar. Çünki Azərbaycanda klubların maddi problemləri var. Vəziyyəti aradan qaldırmaq üçün federasiya çempionatın əvvəlində klubların büdcəsini yoxlamalıdır. Bunlar olmadığından problemlər tez-tez meydana çıxır. “Turan”ın vəziyyəti bariz nümunədir.

- Bizdə olan məlumata əsasən sizin Albaniya yığmasını çalışdırmaq ehtimalınız var. Bu işdə hansısa irəliləyiş baş veribmi?
- Albaniya millisini çalışdırmağa namizədəm. Onlar qısa iki ayda mənim nəyə qadir olduğumu görüblər ki, namizədliyimi də irəli sürürlər. Şansım az da olsa, qürurvericidir. Çünki Türkiyə futbolu tarixində əcnəbi yığma komandanı çalışdırmış bir mütəxəssis yoxdur. İnşallah, ilk qaranquş mən olaram. Sağ olun ki, məni yada saldınız. Şair ruhlu Azərbaycan xalqına salamlarımı və sevgilərimi çatdırıram.
0