Millimiz Latviya çempionatının gümüş medalçısına ehtiyac duydu
28.11.2011 - 12:54
Millimiz Latviya çempionatının gümüş medalçısına ehtiyac duydu
Azərbaycan yığmasının növbəti təlim-məşq toplanışında Latviya çempionatının mükafatçısı iştirak edəcək. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqtsun dekabrın 5-dən 8-dək Bakıda seleksiya xarakterli toplanışa çağırdığı hücumçu Vüqar Əsgərov çıxış etdiyi Liyepayanın “Metallurq” klubu ilə son ölkə çempionatının gümüş medalçısı olub.

Latviyada çempionat Premyer Liqamızdan fərqli, “yaz-payız” sistemi ilə keçirildiyindən, bu ayın əvvəlində yekunlaşıb. 32 oyuna 70 xal toplayan “Metallurq” çempion olan “Ventspils”dən cəmi 1 xal geri qalıb.

1985-ci ilin aprelin 15-də anadan Vüqar milliyətcə azərbaycanlı olsa da, bir çox mənbələrdə onun Latviya vətəndaşlığını daşıdığı göstərilir. 1,84 metr boya, 77 kq çəkiyə malik 26 yaşlı hücumçu komandasının heyətində son mövsümdə 9 oyun keçirib, 430 dəqiqə meydanda olub, 5 qol vurub.

Əsgərov Latviya çempionatında 8 oyuna (340 dəqiqə) 5, kubokda 1 matça (90 dəqiqə) 1 qol vurub. “Metallurq”a Latviyanın “Yurmala” klubundan gələn Vüqar az oynasa, məhsuldarlığı pis deyil. Millimizin toplanışına ən son - 25-ci futbolçu kimi dəvət alan Əsgərov sınaqdan üzüağ çıxarsa, hücumda, qol vurmaq baxımından problemlərimizi yoluna qoymalıdır.

Qeyd edək ki, latviyalılar millimizin debütantını Vüqars Əsgərovs kimi göstərir. Bu da onunla bağlıdır ki, həmin ölkədə vətəndaşı olanların ad və soyadlarının sonuna s hərfi əlavə olunur.
0