Rednik antirekorda doğru
28.11.2011 - 13:30
Rednik antirekorda doğru
“Xəzər Lənkəran” “uğursuzluq zolağı”na düşüb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın gümüş medalçısı, ölkə kubokunun son qalibi artıq 1 aydır qələbə üzünə həsrət qalıb.

Rumıniyalı Mirça Rednikin baş məşqçisi olduğu komanda II dövrədə qələbənin nə olduğunu bilmir. “Ağ-yaşıllar” sonuncu qələbəsini I dövrənin son turunda – oktyabrın 28-də evdə “Kəpəz” üzərində qazanıb – 1:0.

Bundan sonra keçirilən 3 turda hesabına cəmi 2 xal yazan “Xəzər Lənkəran” Bakıda “Neftçi”yə böyük hesabla uduzub (5:0), Zaqatalada “Simurq”la 2:2, evdə debütant “Rəvan”la 1:1 hesablı bərabərliyə qalıb.

Göründüyü kimi, prinsipial rəqibindən aldığı ağır məğlubiyyətdən hələ özünə gələ bilməyən cənub təmsilçisi özündən zəif komandalarla oyunlarda vacib xallar itirib. Özü də həm “Rəvan”, həm də “Simurq”la oyunda hesabda irəlidə olsa da, son dəqiqələrdə buraxdığı qolla qələbəni əldən verib.

Rednikin komandasına son xal itkisi, “Simurq”la oyunda hesabda 2:0 irəlidə olduğu halda, sonda 2:2-lik bərabərlik baha başa gəldi. Belə ki, “Neftçi” xal sayında “ağ-yaşıllar”a çatdı və 1-ci pilləni əlindən aldı.

Məlum olduğu kimi, Premyer Liqanın əsasnaməsinə görə komandaların xalları bərabər olanda, ilk növbədə öz aralarındakı oyunlarda nəticələr əsas götürülür. “Neftçi” bu göstəricidə “Xəzər Lənkəran”dan üstün olduğu (səfərdə 0:1, evdə 5:0) üçün onu turnir cədvəlində qabaqlayıb. Nəticədə lənkəranlılar cari mövsümdə 3 aydır saxladığı liderliyi əldən verdi.

“Xəzər Lənkəran” növbəti turda dekabrın 4-də evdə oynasa da, rəqibinin güclü – “İnter” olması qələbəsizlik sindromuna son qoymağın asan olmayacağını göz özünə gətirir. Düzdür, lənkəranlılar noyabrın 30-da Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”la görüşəcək və I divizion təmsilçisi ilə Bakıda oynamalı olsa belə, qələbə şansı çoxdur. Deməli, komandaya bir sindromu aradan qaldırıb, digərini – yəni Premyer Liqada tilsimi qırmaq qalacaq.

Lənkəran klubu son 1 ayda “qara zolaq”da olsa da, bu, Rednikin rəhbərliyi altında ən zəif çıxış deyil. Belə ki, təcrübəli rumıniyalı mütəxəssis ötən mövsümün “altılığ”ında bundan da pis göstəriciyə imza edib. Onda “Xəzər Lənkəran” ilk 5 turda (səfərdə AZAL-la 0:1, “Bakı”, “Qarabağ”la 0:0, evdə “Neftçi” və “İnter”lə 1:1), final mərhələsinin I dövrəsində qələbə qazana bilmədi. Rednikin komandası AZAL-la başlayan uğursuzluq sindromuna elə AZAL-la II dövrənin evdəki oyunda qazandığı böyük hesablı qələbə (3:0) ilə son qoydu. Onda cənubluların qələbə həsrəti 2 ay davam etdi.

Göründüyü kimi, Rednik öz antirekordunun təkrarlanmağına doğru gedir. Özü də “Xəzər Lənkəran”ı bu ilin sonuna kimi çətin oyunlar – “İnter”lə yanaşı, evdə “Qarabağ”, “Bakı”, səfərdə “Kəpəz”lə sınaq gözləyir və qış fasiləsinə daha çox qələbə qazanmaqla çıxmaq asan olmayacaq.

0