Samir Zərgərov: Bundan sonra müəyyən narazılıq yarandı
28.11.2011 - 13:12
Samir Zərgərov: Bundan sonra müəyyən narazılıq yarandı
“Maraqlı oyun oldu. Erkən qol buraxdıq. Bundan sonra komandada müəyyən narazılıq yarandı. Hesabı bərabərləşdirdikdən sonra, yenə qol vura bilərdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun hücumçusu Samir Zərgərov deyib.

Premyer Liqanın XIV turunda AZAL-la qollu heç-heçəyə nail olan və aktivinə növbəti xalı yazdıran “İnter” qələbə qazanacağı təqdirdə turnir cədvəlinin zirvəsinə yüksələcəkdi. Lakin Kaxaber Sxadadzenin yetirmələri ikinci hissədə yaratdıqları şanslardan lazımınca istifadə edə bilmədilər və 1 xalla kifayətləndilər.

“Bankirlər”i məğlubiyyətdən xilas edən qolu oyuna sonradan daxil olan Samir Zərgərov imza atıb. Hansı ki, futbolçu son 4 turda yaşıl meydanlardan uzaq düşmüşdü. O, AFFA-nın İntizam Komitəsinin qərarı ilə 4 oyunluq cəzalandırılmışdı. Dönüşünü qolla qeyd edən Zərgərov bunu qismətlə bağlı olduğunu deyib: “Qismət belə imiş Bir aydan sonra axır ki, meydana çıxa bildim. Bir ay idi qol üzünə həsrət qalmışdım”.

Son vaxtlar cari mövsümdə çempionluğa namizəd komandaların adları açıqlanarkən, əksəriyyət “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ”ın adlarını çəkir. “İnter” isə öz işindədir. Sxadadzenin yetirmələri sakit şəkildə turnir cədvəlində irəliləməkdə davam edirlər. Hazırda üçüncü pillədə qərarlaşan “bankirlər”i liderdən 2 xal ayırır: “Komanda kimin nə deməsindən asılı olmayaraq, öz işini görür. Çalışırıq ki, yaxşı yerlərdən birini tutaq. Bunun üçün də baş məşqçinin verdiyi tapşırıqları meydanda maksimum yerinə yetirmək istəyirik”.
0