Parks “Xəzər Lənkəran”da belə coşmamışdı
28.11.2011 - 15:47
Parks “Xəzər Lənkəran”da belə coşmamışdı
“Bakı”nın kosta-rikalı futbolçusu Uinston Parks Azərbaycanda yeni seriya müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu II dövrə başlayandan meydanı qolsuz tərk etmir.

Artıq ardıcıl 3 oyundur qol vuran Parks bununla da ölkəmizdə ilk klubu olan “Xəzər Lənkəran”dakı göstəricisini yaxşılaşdırıb. Belə ki, o, ötən mövsüm şərəfini qoruduğu Lənkəran təmsilçisinin heyətində ən yaxşı halda 2 ardıcıl oyunda rəqib qapısına yol tapmışdı.

Uinston “Kəpəz”lə səfər (3:1), “Turan” (5:0) və “Qəbələ” (2:1) ilə ev oyununda fərqlənib. Ümumiyyətlə, millisinin hücumçusu son 5 oyunda 5 qol vurub. Halbuki bunadək yalnız 1 top vuran Parks çempionatın əvvəlində “Turan”a 2:0 hesabı ilə qalib gəldikləri səfər oyununda “Bakı”da qol hesabını açmışdı.

Hücumçu keçmiş komandası ilə oyunda (2:2) etdiyi dubldan sonra ondan gözlənilən məhsuldarlığı nümayiş etdirir.

Son 5 turda yalnız “Qarabağ”a Ağdamda uduzduqları matçda (1:2) meydanı qolsuz tərk edən Uinston əvəzində latviyalı həmkarı Marius Vepakovskiyə məhsuldar ötürmə edərək, onun fərqlənməyinə imkan yaradıb. Yeri gəlmişkən, Latviya yığmasının hücumçusu ölkəmizdə ilk qolunu – “Sumqayıt Şəhər”lə oyunda qələbə topunu (1:0) da kosta-rikalının məhsuldar ötürməsindən sonra vurub.

Parksın vurduğu qollara nəzərə alsaq, onda “Bakı”nın uduzmadığını görərik. Yəni “zolaqlılar” həmin 5 oyundan 4-də qalib gəlib, 1-də heç-heçə edib. Uinstonun vurduğu qolların daha bir özəlliyi “Bakı”nın təlim-məşq bazasının fərqlənməyidir. Yəni əsas komanda öz bazasında 3 rəsmi oyun keçirib və bunların hamısında Kosta-Rika milli komandasının üzvü qol (4) vurub. Göründüyü kimi, “Bakı”nın bu il istifadəyə verdiyi gözəl bazası Parksa düşərli olub.

Son oyunlarda məhsuldarlıq Uinstona bombardirlər yarışında zirvəyə yüksəlməyə imkan verib. Artıq onun da “Neftçi”nin özbək hücumçusu Bahodir Nasimov kimi hesabında 6 qol var. Məhz ötən turdan sonra Premyer Liqamızda bombardirlikdə ikihakimiyyətlik yaranıb. Parks ötən mövsüm Premyer Liqada yox, Azərbaycan kubokunda bombardir oldu. O, finalda “İnter”lə oyunda da fərqlənərək, vurduğu 5 qolla “Xəzər Lənkəran”ın kuboku qazanmağında böyük pay sahibi oldu. Hətta buna görə mükafata da layiq görülən hücumçu “Xəzər Lənkəran”ın heyətində çempionatda 8 qola (25 oyun, 1953 dəqiqə, 6 sarı vərəqə) imza atıb. Göründüyü kimi, Parksa çempionatda qollarının sayına görə öz rekordunu hətta bu ilin axırına kimi təkrarlayıb, sonadək yeni rekord müəyyənləşdirməyi realdır.

Qeyd edək ki, Uinston cari çempionatımızda ardıcıl 3 oyunda qol vuran 3 futbolçudan biridir. Onunla yanaşı, “Kəpəz”in ukraynalı hücumçusu Yuri Fomenko və AZAL-ın braziliyalı ön xətt oyunçusu Tales Şütz buna nail olub. Artıq 4 oyunda qol vuran Şütz Premyer Liqamızda yeni rekord müəyyənləşdirib. Uinston növbəti turda səfərdə məhz AZAL-la görüşəcək. Şützlə Parksın duelində ikinci qol vurarsa, birincinin rekordunu təkrarlayacaq.

Mehman SÜLEYMANOV