Mahir Şükürov sükutu şok açıqlamalarla pozdu
28.11.2011 - 17:50
Mahir Şükürov sükutu şok açıqlamalarla pozdu
Azərbaycan yığmasının və “Qəbələ” klubunun kapitanı Mahir Şükürovun apasport.az saytına müsahibəsi

- Sizin yoxluğunuzda “Qəbələ” 2 oyun keçirib. Kənardan baxanda, komanda necə təsir bağışlayır?
- Mənə bir az ağırdır. Çünki komandaya kömək etmək istəyirdim. Çox təəssüflənirəm. “Neftçi” ilə görüşdə komanda daha yaxşı təsir bağışladı, istədiyi ala bildi. Baş məşqçi dəyişikliyindən sonra komanda həqiqətən də yaxşı mübarizə apardı. Fikrimcə, Fatih Kavlak uşaqları hazırlaya bildi. “Bakı” ilə oyunda isə öz oyunumuzu göstərə bilmədik. İlk hissədə səhvlərimizin ucbatından qollar buraxdıq.

- İlk yarıda “Qəbələ”də anlaşmazlıq yaranmışdı. Komanda bir növ futbol oynamaqdan çəkinirdi. Bu barədə nə deyə bilərsiniz?
- Təəssüf ki, yaxşı oyun görmədik. Komanda sanki şokda idi. Meydanda olan sanki “Qəbələ” deyildi. Parks asanlıqla bizim müdafiəçiləri aldadıb, cərimə meydançasına daxil olmağı bacarırdı. Ona görə də nə baş verdiyini anlamadım. Amma ikinci hissədə baş məşqçimiz bir növ oyunun axarını dəyişməyi bacardı. Deməzdim ki, super oynadıq. Sadəcə, müəyyən irəliləyişlər var idi.

- Həmin qarşılaşmada sizin mövqeyinizdə Stiv Olfers mübarizə aparırdı. Amma baş məşqçi onu ilk hissədə əvəzlədi. Necə düşünürsünüz, Olfers vəzifəsinin öhdəsindən gələ bildimi?
- Deyərdim ki, “Bakı”ya qarşı ən zəif oynayan məhz Olfers idi. Bundan öncəki matçda bundan daha yaxşı çıxış etmişdi. Təkcə bir futbolçunu günahkar saymaq olmaz. Əgər komanda məğlub olursa, burada hamı günahkardır.

- Yoxluğunuz həqiqətən də hiss olunur. Bu mənada, özünüzü günahkar sayırsınız?
- Komandanın məğlubiyyətlərində özümü günahkar sayıram. Çünki komandanın kapitanıyam. Rəhbərlik məni böyük ümidlərlə gətirib. Komandanı toparlamaqda yardımçı olmalıyam. Düzdür, komandanın içindəyəm. Məşqlərdə iştirak edirəm. Oynamasam da, bir kapitan kimi öz dəstəyimi əsirgəmirəm. İndiki vəziyyətdə mən meydanda olmalıyam, amma yoxam. Deməli, günahkaram. “Qəbələ”nin indiki vəziyyətini görəndə, alışıb-yanıram. Çünki ciddi məqsədlərimiz var. Konkret yer barədə danışmasam da, demişdim ki, biz nəyə qadir olduğumuzu öz oyunumuzla sübut edəcəyik. Demirəm ki, nəsə itirilib. Bu gün istənilən komanda digərindən xal almağı bacarır.

- Sizi komandaya Toni Adams gətirmişdi. Onun gözlənilməyən, hətta müzakirə olunmayan istefası sizə necə təsir etdi?
- Düzdür, mən “Anji”dən “Qəbələ”yə Toni Adamsın vaxtından gəlmişəm. Həqiqətən də, onun gedişini heç kim gözləmirdi. Milli komandanın düşərgəsindən qayıdandan sonra Qəbələyə gəldim. Eşitdim ki, məşqçi burada yoxdur. Ondan sonra xəbər gəldi ki, baş məşqçi dəyişikliyi olacaq. Getsə də, futbolçu kimi ona böyük hörmətim var. Amma məlumdur ki, hər bir dahi futbolçu öz məşqçilik karyerasında uğur qazana bilmir.

- Bir ara mətbuatdan qaçırdınız. Buna əsas səbəb nədir?
- Qaçmırdım, sadəcə bəzi səbəblərdən müsahibə vermirdim. Jurnalistlərə hörmətlə yanaşıram. Amma klubun da daxili kodeksləri var. Hər bir futbolçu buna əməl etməlidir. Bilirsiniz, bu dopinq məsələsi çox şişirdildi. Hamı dedi ki, 1,5, 2 il futboldan uzaqlaşdırılacaq. İstər-istəməz, məni istəyənlər bu xəbərləri eşidəndə üzülürlər. Amma inanıram ki, hər şey yaxşı olacaq. Bəzi insanların iç üzünü gördüm.

- Kimin?
- Bəzi futbolçuların. Vaxtilə “Anji”də oynayanda, həmin futbolçulara görə mənim telefonuma gələn zənglərin ardı-arası kəsilmirdi. Məsələ ilə bağlı Ruslan Abışovun fikirləri ilə tanışam. “Neftçi”də oynayanda Ruslana bir futbolçu kimi hörmət eləmişəm. Əlimdən gələn köməyi ona edəcəyəm. Biz karyeramızı bitirəndən sonra da münasibətimiz indiki kimi qalacaq. Mən onu kiçik qardaş kimi görürəm. Amma bəzi insanlar var ki, mənə yalvarırdılar, həmin Mahir Şükürov idi onlara kömək edən. Hər dəqiqə zəng vururdular. Amma indi... İnsanları tanıdım. İstənilən insanın başına hadisə gələ bilər. Pis hadisə bu gün mənim qismətimdədirsə, sabah başqasının da qarşısına çıxa bilər. Məndə heç bir paxıllıq yoxdur. Bəzilərində isə paxıllıq gördüm. Dedilər ki, Mahir irəli gedir, belə elədi, elə elədi... Bu dedi-qodular da çox getməz. Allah hər bir şeyi görür.

- Cəzanın müddətini biz özümüzdən yazmamışdıq, maddələrə əsaslanıb söyləmişdik…
- Sizinlə razıyam. Bu, bilirsiniz hansı vəziyyətdə baş tuta bilər? Əgər futbolçu özünə bilərəkdən nəsə edirsə, iynə vurdurursa, məsələn, Sergey Sokolov kimi, hə onda sizinlə razıyam. Amma mən bunu etməmişəm. Heç ehtiyacım da yoxdur. Mən futbol oynadığım bu illərdə heç vaxt pereparatlardan istifadə etməmişəm.

- Bəs bu şubhələrin qaynama nöqtəsi haradır? Bax, qaranlıq məqam budur…
- Düzü, heç özüm də bilmirəm. Sadəcə, bəzi xoşagəlməz hallardan sonra bununla mübarizə çox sərtləşib. Elə bir şeydə “dopinq”in olduğu göstərilir ki, sözün açığı, adamın ağzı açıq qalır. Naftizin nədir ki, onda da dopinq var. Bəlkə də nəsə yemişəm ki, tərkibində nəsə istifadəsi qadağan olunan preparat olub. Bütün bunları nəzərə aldıqda, inanmıram ki, mənə uzun müddətli cəza verilsin. Bilirsiniz, mən nə üçün əsəbiyəm? Xəbərçilər çox yaxşı işləyir. Necə oldu ki, milli komanda Azərbaycana gələn kimi belə söz-söhbətlər ortaya çıxdı. Nöqtə vergülünə kimi hər şey yayıldı. Dedilər ki, Foqts bildirib ki, mən Mahirə kömək edəcəyəm. Halal olsun, xəbərçilər əla işləyir.

- Milli komandanın üzvlərinin söz gəzdirməsindən şübhələnirsiniz?
- Komanda bir ailədir. Ailənin içində söz-söhbət olanda, kənara sızmamalıdır, daxildə qalmalıdır. Kiminsə söhbətini kənarda etməyin, yeri yoxdur axı. Yaxşı hal deyil. Bəzi insanlar var ki, bu ailənin içində xəbərçi işləyir. Həm həyatda, həm futbolda mən belə insanları kişi saymıram. Bunların hamısını bilirəm. Futbolda çox şey görmüşəm, qardaş. Bilirəm ki, kimlər mənə qarşıdır. İş bitəndən sonra həmin oyunçuların adlarını da açıqlayacağam.

- Necə fikirləşirsiniz: UEFA sizə uzunmüddətli cəza verəcək, yoxsa?
- Deyə bilmərəm. AFFA-nın baş katibi Elxan Məmmədova, eləcə də baş məşqçi Berti Foqtsa bu işdə mənə kömək olduqlarına görə, təşəkkür edirəm. Heç nəyi danmaq lazım deyil. Onların mənə kömək etməsinə səbəb odur ki, bir futbolçu kimi bu ölkəyə xeyrim dəyib. Mahir Şükürov Qazaxıstanla səfər matçında oynamadı. Nə oldu? Uduzub, qayıtdı. Mənim qara qaşıma, qara gözümə aşiq olmayıblar. Bir futbolçu kimi, insan kimi mənə hörmət edirlər. Qarşıda çətin oyunlarımız var. Hamı çalışır ki, mən tezliklə qayıdıb, yığma komandaya yardımçı olum. Odur ki, hamıya təşəkkür edirəm.