“Xəzər Lənkəran”ın stadionu təmir olunacaq
28.11.2011 - 17:07
“Xəzər Lənkəran”ın stadionu təmir olunacaq
“Stadionun qazonu hazırda qar örtüyünün altında qalıb. Lənkəranda 20 sm qalınlığında qar yağıb”. Bu sözləri apasport.az saytına açıqlamasında Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyev deyib.

Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində noyabrın 30-da, saat 13.00-da “Xəzər Lənkəran” – “Qaradağ Lökbatan” oyunu Lənkəranda deyil, Bakıda baş tutacaq. Bu da səbəbsiz deyil. Belə ki, hazırda şəhər stadionu yağan qarın altında qalıb. Buna görə də əyalət təmsilçisi matçın paytaxtda keçirilməsinə qərar verib. Birinci divizionun lideri ilə duel Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək.

Hacıyev vəziyyətin dəyişməyəcəyi təqdirdə, çempionat oyununa qədər qarı əllə təmizləmək məcburiyyətində qalacaqlarını deyib: “Hazırda qar yağmaqda davam edir. Əgər çempionat oyuna qədər vəziyyət bu cür davam etsə, məcburuq əllə təmizləyək. Bu da qazonun xarab olmasına gətirib çıxaracaq. Qazonun altında istilik sistemi yoxdur. Amma gələcəkdə təmir işləri aparılan zaman, bunu mütləq bərpa edəcəyik”.

Hacıyevin sözlərinə görə, təmir işləri gələn il ölkəmizdə keçiriləcək FİFA U-17 qızlar arasında dünya çempionatına qədər aparılacaq. Çünki mundial zamanı oyunların bir neçəsi Lənkəran şəhər stadionunda baş tutacaq: “Təmir işləri dünya çempionatına qədər yekunlaşacaq. Onda istilik sisteminin çəkilməsini də təmin edəcəyik. Bundan başqa, çay daşqını zamanı stadionun drenaj sistemini lil tamamilə tutub. Təmir işləri zamanı yeni drenaj sistemi də çəkiləcək. Əlbəttə, bu işlər görülən zaman ot örtüyü tamamilə çıxarılacaq. Torpaq dəyişdiriləcək, stadiona yeni ot örtüyü əkiləcək”.