“Xəzər Lənkəran” nəhsdən çıxdı
29.11.2011 - 11:35
“Xəzər Lənkəran” nəhsdən çıxdı
Azərbaycan Premyer Liqasının XIV turu daha 2 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar oldu. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yayda transfer olunan gənc futbolçular Zahid Quliyev və Habil Nurəhmədov nəhayət ki, əsas komandada debüt etdilər. Onların klubdakı ilk oyunu “Simurq”la səfər matçına təsadüf etdi.

Zaqataladakı qarşılaşmayadək 137 futbolçuya ağ-yaşıl formada rəsmi matça çıxmaq nəsib olmuşdu. Meydana dəqiqə etibarilə tez çıxan Habil “Xəzər Lənkəran”ın 138-ci, Zahid isə 139-cu futbolçusu oldu.

Nurəhmədov buna bu mövsümdə nail olan 12-ci, Quliyev isə 13-cü futbolçudur. Onlara qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç, Branimir Subaşiç, Mario Rosas, Antonio Semedo, Eldar İsmayılov və Kamal Bayramov da yeni komandalarında debüt etmişdilər.

Qeyd edək ki, indiyədək “Xəzər Lənkəran”ın şərəfini qorumuş 139 oyunçudan 55-i yerli, 84-ü əcnəbidir.