Səməd Mustafayev: Bunların hamısı boş-boş söhbətlərdi - MÜSAHİBƏ
29.11.2011 - 13:02
Səməd Mustafayev: Bunların hamısı boş-boş söhbətlərdi - MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın rəisi Səməd Mustafayevin apasport.az saytına müsahibəsi

- Komandanızın son turlar uğursuz çıxışını nə ilə izah edərdiniz?
- Sanki “qara zolağ”a düşmüşük. Artıq neçə oyundur qalib gəlmirik. Bu da daha çox futbolçu çatışmazlığı ilə izah olunur.

- Yəni, kifayət qədər futbolçu olmadığını düşünürsünüz?
- Heyətdə olan zədəlilər, cəzalılar belə deməyə əsas verir. Hətta iş o yerə çatıb ki, Şəhriyar Xəlilovu sol cinahda oynadırıq. Halbuki, sağ cinah yarımmüdafiəçisidir. Dejan Rusiçlə Elvin Beçiri zədəlidir, Emeka Oparanın ailəsində problem çıxıb, Rikardo Qomeş isə Braziliyadadır. Belə vəziyyətdə futbolçu çatışmazlığı aşkar hiss olunur.

- Bir məsələ də var ki, iştirak ərizəsini Peşəkar Futbol Liqasına siz vermisiniz. Oyunçu çatmırsa, deməli, daha çox futbolçu sifariş etməli idiniz...
- Bəlkə də belədir. Amma biz mövsümün startında bu qədər oyunçunun qış fasiləsinə qədər yetərli olacağını düşünürdük. Rikardonun probleminin çıxacağını, zədələrin bu qədər olacağını gözləmirdik.

- Belə qənaətə gəlmək olarmı ki, futbolçu çatışmazlığının bir də yaşanmamağı üçün qış fasiləsində daha çox transfer edəcəksiniz...
- İndi belə fikirlər səslənir ki, qışda komandamızda ciddi islahatlar olacaq. Ancaq belə deyil. Məncə, komandadan ayrılan olmayacaq. Biz isə 2-3 yeni futbolçu ilə güclənəcəyik.

- Axtarışlara başlamısınız?
- Hələlik yox. 1-2 turdan sonra baş məşqçi Mirça Rednik klub rəhbərliyi ilə görüşüb, söhbət edəcək. Onda müəyyənləşəcək ki, hansı mövqelərə futbolçu alacağıq. Dekabrın ortalarından isə yəqin axtarışlara başlanacaq.

- Baş məşqçidən söz düşmüşkən, uğursuzluqdan sonra sizinlə Rednik arasında münaqişə yarandığı bildirilir...
- Mən də mətbuatda oxumuşam. Hamısı yalan söhbətdir, boş-boş şeylərdir. Elə bir şey yoxdur. Biz həmişə olduğu kimi, yenə yaxşı münasibətlərdəyik.

- Belədirsə, niyə “texniki zona”da oturmursunuz?
- “Texniki zona”dakı yerimi tərcüməçimizə vermişəm. Düşünürük ki, onun məşqçi və futbolçuların yaxınlığında olması daha məqsədəuyğundur.

- Bəs əvvəllər tərcüməçinin “texniki zona”da oturması lazım deyildi?
- Tərcüməçi əvvəllər də orda olurdu. Sadəcə, Rednikin yanında mən əyləşirdim. O, isə kənardakı oturacaqların birində.

- Rednikin klubun sahibi və fəxri prezidenti Mübariz Mənsimova sizdən şikayət etməsi də düz deyil?
- Əlbəttə ki, yox. Rednikin şikayəti olsaydı, klubun prezidenti Mais Mənsimova edərdi. Hamısı yalandır. Deyirlər ki, hansısa oyundan sonra problemimiz olub. Guya, klub prezidenti “Simurq”la oyundan sonra iclas keçirib. Bunların hamısı boş-boş söhbətlərdir.