Vladislav Qədirov: Cütün taleyini penaltilərə kimi saxlamaq istəmirik - MÜSAHİBƏ
29.11.2011 - 14:00
Vladislav Qədirov: Cütün taleyini penaltilərə kimi saxlamaq istəmirik - MÜSAHİBƏ
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirovun apasport.az saytına müsahibəsi

- Son vaxtlar hamı “Rəvan” haqda danışır. Siz gələndən sonra komanda uğurlu çıxış edir. Bunun sirri nədir?
- Sirr deyəndə ki, əsas məsələ futbolçularla ümumi dil tapmaqdır. Biz ilk növbədə buna diqqət yetirdik. Məşqçi ilə futbolçular bir-birinə etimad göstərirlər, qarşılıqlı inam var. Bu da öz nəticəsini verir. Digər yandan, bəzi mövqelərdə dəyişiklər etdim. Tural Axundovu müdafiənin sağ cinahından soluna keçirdim. Bu, onun əsl mövqeyidir və orada daha yaxşı təsir bağışlayır. Hüseyn İsgəndərovu müdafiənin sağ cinahına qoydum. Davud və Natiq Kərimi qardaşlarına əsas heyətdə yer verdim.

- Komandanın davamlı uğurlu çıxışı böyük stimul verir. Ancaq bu, futbolçularda arxayınçılıq da yarada bilər. Bundan ehtiyatlanmırsınız?
- Yox. Hesab edirəm ki, bu, futbolçularda arxayınçılıq yaratmaz. Hər oyuna ayrı-ayrılıqda köklənirik. İndi uğurlu çıxış edirik, hər şey yaxşıdır. Ancaq mübarizə bitməyib, hələ davam edir.

- “Rəvan” axır ki, ilk “altılığ”a düşə bildi...
- Bəli, bu il ilk dəfə 6-cı yerə çıxdıq. Ancaq hələ çox şey dəyişə bilər. “Altılığ”a qədər hələ xeyli oyun var və turnir cədvəlində yerdəyişmələr olacaq.

- Ancaq “altılığ”a düşməklə iş bitmir. İlk növbədə burada möhkəmlənməlisiniz. Bunun öhdəsindən gələ biləcəksiniz?
- Əlbəttə, “altılıq”da oynamaq istəyiriksə, ilk növbədə mövqeyimizdə möhkəmlənməliyik. Ancaq bununla da işimizi bitmiş saymayacağıq. 5-ci, 4-cü pilləyə də yüksəlməyə çalışacağıq. Niyə də yox? Necə deyərlər, iştaha diş altında olur. 6-cı pilləyə yüksəlmişik, bu, yaxşı haldır. Ancaq indiyədək olan çıxışı kənara qoyub, hər şeyə sıfırdan başlayacağıq.

- Buna qədər sizi başqa sınaq gözləyir. Sabah kubokda mübarizəyə başlayacaqsınız. Hər 2 cəbhədə uğurla mübarizə aparmağa gücünüz çatacaq?
- Komandamızın potensialı var. Çempionatla yanaşı, kubokda da sona kimi mübarizə aparacağıq. Bu baxımdan problem yoxdur. Məlum olduğu kimi, bu mərhələdə qalib 1 oyunla müəyyənləşəcək. Bu səbəbdən də 1 oyuna köklənib, məqsədinə çatmaq olar. Çempionatda olduğu kimi, kubokda da hər oyuna yalnız qələbə üçün çıxacağıq. Komandamızda əhval-ruhiyyə yaxşıdır. Allaha şükür, heyətlə bağlı problemimiz, zədəli futbolçularımız yoxdur.

- “Bakı” kimi güclü rəqibə düşdüyünüzdən, növbəti mərhələyə keçmək asan olmayacaq. Üstəlik, bu komanda da son vaxtlar yüksəlişdədir...
- “Bakı” həqiqətən yaxşı komandadır. Son matçlar öz oyununu tapıb və uğurlu çıxış edir. Rəqibin heyətində səviyyəli futbolçular çoxdur. Uinston Parks, Aleksandr Şolıç, Deyvidas Çensauskis son vaxtlar yaxşı təsir bağışlayaraq, “Bakı”nın qələbələrində böyük rol oynayırlar. Güclü rəqiblə düşsək də, bizə asan olmasa da, qələbəyə iddialıyıq. Biz mərhələ keçməyə çalışacağıq.

- Çempionatda əsas məqsədiniz “altılığ”a düşməkdir. Bəs kubokda?
- Əlbəttə, ilk növbədə /14 finala çıxmağa çalışacağıq. Ancaq yarımfinal, hətta finalda da oynamağı arzulayırıq.

- “Rəvan” cari mövsümdə səfərdə daha yaxşı çıxış edir, nəinki evdə. Bunu nə ilə izah edirsiniz?
- Sadəcə, belə alındı ki, mən baş məşqçi postuna gələndən sonra çox oyunlarımızı səfərdə keçirmişik. İlk 2 oyunumuz Tovuzda və Qəbələdə oldu. “Turan”a 1:0, “Qəbələ”yə 3:2 hesabı ilə qalib gəldik. Arada “Simurq”la ev oyunumuz oldu. Həmin matçda futbolçularda bir az əsəbilik yarandı, qırmızı vərəqə də oyunumuza mənfi təsir göstərdi. Nəticədə hesabdakı üstünlüyümüz əldən verdik, matç 1:1 hesabı ilə bitdi. Hesab edirəm ki, həmin oyunda 1 xal qazanmadıq, 2 xal itirdik.

- Evdə hələlik qalib gələ bilməmisiniz. Buna nə vaxt nail ola biləcəksiniz?
- Qalan oyunlara da ciddi yanaşacağıq. Bu ilin sonuna kimi hələ 5 tur var. Təsnifat mərhələsində 5 ev oyunumuz qalıb. Həmin matçlarda maksimum xal yığmağa çalışacağıq.

- “Bakı” ilə səfərdə çıxış edəcəyinizi nəzərə alsaq, rəqib meydanında daha yaxşı oynamağınız şanlarınızı artırırmı?
- Səfərdə oyunumuz daha yaxşı alınmağından maksimum yararlanmağa çalışacağıq. Səfər modelini quracağıq. Biz hücum futboluna, açıq futbola üstünlük veririk. Mən özüm belə futbolu oynamışam, sevmişəm. Yəni həm özün oynayırsan, həm də rəqibə imkan yaradırsan. Nəticədə qollu oyun olur. Futbolu da ilk növbədə azarkeşlərə görə oynayırlar. Onlar belə oyun sayəsində baxımlı, qollu matç izləyirlər.

- Nəinki “Bakı”nın, hazırda çempionatımızın bombardiri olan Uinston Parks son vaxtlar məhsuldar oyun nümayiş etdirir. Son 5 oyuna 5 qol vurub. “Bakı”nın oyunu əsasən onun üzərində qurulub. Parksın qarşısını necə almağı düşünürsünüz?
- Mən indi bunu deməyəcəyəm. Günorta məşqimiz olacaq. “Baki” ilə oyuna hazırlığımızı bu gün bitirəcəyik. Futbolçularımızla bir araya gəlib, rəqibin, oyunçularının təhlilini aparacağıq. Əlbəttə, bu zaman Parksa xüsusi diqqət yetirib, onun qarşısını necə almağı müəyyənləşdirəcəyik. Ancaq tək bu hücumçunun qarşısını almaqla iş bitmir. “Bakı”nın oyununu müəyyənləşdirən digər futbolçular da var. Rəqibin hücumları oyun qurucusu Aleksandr Şoliç üzərində qurulub.

- 1/8 finalda qalib əsas vaxtda müəyyənləşməzsə, əlavə vaxt, hətta penalti zərbələri təyin olunacaq. İndidən bun hazırlaşırsınız?
- Biz kubok oyunu olmasa belə, hər məşqdə penaltilər vururuq. Bu, məşq elementlərindən biridir. Hər halda, futbolçular oyunda da 11 metrlik cərimə zərbələrini vurmağa hazır olmalıdır. Təbii ki, sahə oyunçuları kimi qapıçılar da bunun üzərində işləyir. Bu mənada əsas qapıçımız Davud Kərimi də penaltilərə hazırlaşır. Ancaq biz “Bakı” ilə oyunda məsələni penaltilərə kimi saxlamaq istəmirik. Elə əsas vaxtda qalib gəlməyə çalışacağıq.

Mehman SÜLEYMANOV