Zaur Ramazanov rəsmən “Xəzər Lənkəran”da!
29.11.2011 - 14:45
Zaur Ramazanov rəsmən “Xəzər Lənkəran”da!
Zaur Ramazanov 3-cü dəfə “Xəzər Lənkəran”a qayıdıb. Apasport.az saytının məlumatına görə, ölkənin tanınmış hücumçularından olan veteran futbolçunun indiki dönüşü əvvəlkilərdən fərqlənir.

Belə ki, rumıniyalı Mirça Rednikin baş məşqçi postuna gəlişindən sonra məhz bu klubda futbolla vidalaşan 36 yaşlı Ramazanov bundan sonra “ağ-yaşıllar”da məşqçi kimi çalışacaq.

Sürəti və qol duyumu ilə digərlərindən fərqlənən Zaur karyerasının ən parlaq dönəmini məhz bu komandanın heyətində keçirib. Klubla ölkə çempionu, eləcə də, ölkə kubokunun qalibi olan Ramazanov eyni zamanda, “Birlik Kuboku”nu da başı üzərinə qaldırıb. Veteran futbolçu məhz bu xidmətlərinə görə, klub tərəfindən bir növ mükafatlandırılıb.

Belə ki, klub prezidenti Mais Mənsimov dünən veteran hücumçunu qəbul edərək, onunla yeni işi barəsində danışıb və qarşılıqlı razılıq əldə olunub.

Ramazanov apasport.az saytına açıqlamasında xəbəri təsdiqləyib: “Mübariz Mənsimov, eləcə də Mais Mənsimov həm bu klubda oynadığım, həm də oynamadığım dönəmdə mənə dəstək olublar. Mais müəllimlə budəfəki görüşümüz fərqli keçdi. Mənə iş təklif etdi. Düzü, 2 variant var idi. Həm klubun daxilində, həm də xaricində işləyə bilərdim. İkincini seçdim. Bu, mənim üçün daha məqsədəuyğun olar. Kənarda istedadlı futbolçuları axtarıb, komandaya qazandıracağam. Bir növ seleksiyaçı-məşqçi kimi çalışacağam”.

Zaur bildirib ki, artıq klubun rəsmi işçisidir: “Müqaviləni bir kənara qoyaq. Amma klubda qeydiyyatdan keçmişəm. Mən Mais müəllimlə maliyyə məsələsini danışmaram. Heç futbol oynadığım dönəmdə belə etməmişəm. Əsas məqsəd “Xəzər Lənkəran”a xeyir verməkdir. İnşallah, işimin icrasına yaxın gələcəkdə başlayacağam. Sözsüz ki, tapacağım uşaqlar digər məşqçilərin rəyindən sonra komandaya götürülə bilərlər”.

Oynadığı futbolla cənublu azarkeşlərin sevimlisinə çevrilən Zaur Ramazanov yenidən onların arasında olacağından məmnundur: “Qardaş, mən belə azarkeş görməmişəm. Bu günə kimi Lənkərandan mənə zənglər gəlir. “Xəzər Lənkəran” üçün işləmək həqiqətən də böyük şərəfdir”.