Quzanlıda vida matçı
29.11.2011 - 15:39
Quzanlıda vida matçı
Azərbaycan milli komandasının sabiq kapitanı Aslan Kərimov sabah futbolçu karyerasını rəsmən bitirəcək. Apasport.az saytının məlumatına görə, bu sabah XX Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Ağdamın Quzanlı Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq “Qarabağ” - “Sumqayıt Şəhər” matçında reallaşacaq.

Uzun illər “Qarabağ”ın şərəfini qoruyan, 100-dən çox oyuna kapitan kimi çıxan, hazırda “Sumqayıt-Şəhər”in oynayan-məşqçisi olan Aslan qarşılaşmadan əvvəl rəmzi olaraq topa ilk zərbəni vuracaq. Bu tədbir “Qarabağ” və “Sumqayıt Şəhər” klublarının təşəbbüsü ilə həyata keçiriləcək.

Qeyd edək ki, 38 yaşlı Kərimov milli çempionatımızda 382 oyunda 17 qol vurub. O, keçirdiyi oyun sayına görə yalnız Mahmud Qurbanovdan geri qalır. Aslan milli komandamızda isə mütləq rekordçudur. Yarımmüdafiəçi 80 matçda yığmamızın şərəfini qoruyub.