Parks və Flavinyo
29.11.2011 - 16:57
Parks və Flavinyo
Premyer Liqada hər ayın ən yaxşı futbolçusunu müəyyənləşdirən Peşəkar Futbol Liqası və Unibank qaliblərin növbəti mükafatlandırma mərasimini dekabrın əvvəlində keçirəcək. Apasport.az saytının məlumatına görə, ayın ilk günlərindən ənənəvi keçirilən sorğunun birdən-birə 2 qalibi mükafatlandırılacaq. Təşkilatçılar oktyabr və noyabrın ən yaxşılarını eyni vaxtda təltif etməyi məqsədəuyğun sayıblar.

Artıq sorğunun qalibləri də məlumdur. Bunlar oktyabrda hamıdan yaxşı olan Uinston Parks və noyabrın ulduzu parlayan Flavinyodur. Müvafiq olaraq, “Bakı” və “Neftçi”də çıxış edən legionerlər sorğunun qalibləri olublar.

Lakin qalib adını təkcə futbolçular qazanmayıb. Təşkilatçıların əvvəlcədən elan etdiyinə uyğun ardıcıl 3 ay ən yaxşını düzgün seçən media qurumları da mükafatlanacaq. Avqustda Ceyhun Sultanov, sentyabrda Rəşad Abdullayev və oktyabrda Parksı ən yaxşı göstərən 9 qurum qalib adını qazanıb. Qaliblər arasında adı olan apasport.az saytı bu het-triklə kifayətlənməyib.

Belə ki, biz Flavinyonu da düzgün olaraq 1-ci pilləyə qoyub “pokeri” rəsmiləşdirmişik. Bununla, növbəti 3 aylıq dövr üçün qələbəyə doğru ilk addımı atmışıq.
0