“Hamı məni “Qarabağ”lı Aslan kimi tanıyır”
29.11.2011 - 17:30
“Hamı məni “Qarabağ”lı Aslan kimi tanıyır”
“Hər başlanğıcın bir sonu olur. Futbolçu həyatı əbədi deyil, bir gün karyerana son qoymaq lazım gəldiyini bilirsən. Düzdü, bəzən bunu qəbul etmək çətindir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın sabiq kapitanı Aslan Kərimov deyib.

Karyerasının böyük hissəsini keçirdiyi Ağdam təmsilçisinin heyətində böyük uğurlara imza atan 38 yaşlı yarımmüdafiəçi orada 346 oyun keçirib. Aslan “Qarabağ”da çıxış etdiyi 13 mövsümdə 118 oyunda kapitan sarğısını daşıyıb. O, Ağdam klubunun bütün titullarında (2 ölkə çempionluğu, 3 ölkə kuboku) sıralarında olub.

Kərimov sabah Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qarabağ” – “Sumqayıt Şəhər” oyunundan öncə topa ilk toxunuşu etməklə, futbolçu karyerasının rəsmən bitirməsinin reallaşdıracaq: “Təbii ki, başqa klublarda da çıxış etmişəm, legioner kimi də oynamışam, amma “Qarabağ” mənim üçün bir başqa olub. Hamı məni “Qarabağ”lı Aslan kimi tanıyır. Futbolla vidalaşmaq ağır olsa da, bununla barışmaq lazımdır. Geriyə boylandığım zaman heç bir şeyə görə peşman deyiləm. “Qarabağ” kimi tarixi bir rəmzin bir parçası olmaq qürurvericidir. İnşallah, gələcəkdə futbolçu kimi öyrəndiklərimi məşqçi kimi tətbiq etmək istəyirəm” .

Qeyd edək ki, cari mövsümdən “Sumqayıt Şəhər”də oynayan məşqçi olan Aslanın “Qarabağ`da ilk oyunu II milli çempionatımızda - 1993-cü ilin fevralın 28-də “Azəri”yə 2:0 hesabı ilə qalib gəldikləri oyunda 90 dəqiqə çıxış etməklə olub. Son oyunun da tarixi ayın 28-ə təsadüf edir. Ancaq bu dəfə 2010-cu ilin noyabrın 28-də “Neftçi”yə uduzduqları ev oyunu. O, matçın 80-ci dəqiqəsində meydana daxil olub. Kərimovun uğurları 2 dəfə çempionluq (1993 ,1996/97), 1 dəfə gümüş (1993/94), 3 dəfə bürünc mükafatçı (2003/04, 2009/10, 2010/11) və 3 dəfə kubokun qalibi (1993, 2005/06, 2008/09) olmağıdır.
0