“Bakı”nın qış planı müəyyənləşdi
30.11.2011 - 00:01
“Bakı”nın qış planı müəyyənləşdi
Azərbaycan Premyer Liqasında qış fasiləsinə bir müddət qalsa da, bəzi klublar planlarını cızıb. Apasport.az saytının məlumatına görə, çempionluq uğrunda yarışan “Bakı” qış fasiləsinin böyük hissəsini Türkiyənin Antalya şəhərində keçirəcək.

Komanda Bakıda bir araya gəldikdən sonra yanvarın 9-da Antalyaya yola düşəcək. Qanlı 20 yanvar gününə kimi davam edəcək toplanışda 2 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub. Məhz yanvarın 20-də “zolaqlılar” Bakıya qayıdacaq.

Cəmi 3 günlük istirahətdən sonra “Bakı” yenidən Antalyaya amma, fərqli otelə yollanacaq. İkinci toplanışı proqramı bir qədər zəngindir. Belə ki, komanda yanvarın 23-dən fevralın 5-nə kimi qonşu ölkədə qalacaq. İkinci toplanışda daha çox sayda, 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub.

Baş məşqçi Aleksandr Starkov artıq oyunların keçirilmə vaxtını da müəyyənləşdirib. Təcrübəli mütəxəssis komandasını yanvarın 14, 19, 26, 29 və fevralın 1 və 4-də sınaqdan keçirəcək. Komandanın üz-üzə gələcəyi rəqiblər hələ ki bəlli deyil. Məlumata görə, komandanın Superliqa klublarının bir neçəsi ilə oynamaq ehtimalı mövcuddur.

Qeyd edək ki, “Bakı” 14 tur ərzində 25 xal toplamaqla 4-cü pillədə qərarlaşıb.