Mirbağır İsayev: O, Gəncə futbolunun yeni tapıntısıdır
30.11.2011 - 15:55
Mirbağır İsayev: O, Gəncə futbolunun yeni tapıntısıdır
“Maraqlı oyun izlədik. “Bakılı” I divizionda çıxış etməsinə baxmayaraq, sona qədər mübarizə apardı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun baş məşqçisi Mirbağır İsayev deyib.

Ötən həftə “Kəpəz” klubunun baş məşqçisi təyin edilən mütəxəssis bu gün yeni komandası ilə ilk qələbəsini qazanıb. Ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Bakılı” ilə üz-üzə gələn Gəncə təmsilçisi Ceyhun Sultanovun dublu sayəsində mərhələ adlayıb.

Oyundan sonra matçla bağlı fikirlərini açıqlayan mütəxəssis rəqibin müdafiəyə meylli futbol sərgilədiyini bildirib: “Belə olan halda, müdafiəni yarmaq bir qədər çətin olur. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq”.

Meydana əsasən ehtiyatda qalan futbolçuları və əvəzedici komandadan cəlb etdiyi gəncləri buraxdığını deyən İsayev bir nəfərin çıxışından xüsusilə razı qalıb: “Turan”la oyunda çıxış edən uşaqlara istirahət vermişdik. Əsasən ehtiyatda qalan və əvəzedici komandadan cəlb etdiyimiz futbolçuları yoxladıq. Onlardan Nicat Məmmədovun oyunu xüsusilə xoşuma gəldi. Bu futbolçunu əvəzedici komandada da izləyirdim. Nicat bugünkü oyunu ilə “Kəpəz”in əsas heyətində oynamağa layiq olduğunu və bu haqqı qazandığını sübut etdi. O, Gəncə futbolunun yeni tapıntısıdır”.
0