Hamı razı qaldı
30.11.2011 - 18:26
“Berti Foqtsun Azərbaycan millisinin baş məşqçisi kimi fəaliyyətini müsbət hesab edirəm. Əlbəttə, deməzdim ki, görülən işlərdən tam razıyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın İcraiyyə Komitəsinin (İK) üzvü Mirkamil Rəhimov deyib.O, komitənin bu gün keçirilən iclasından sonra Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla yeni müqavilənin bağlanması, həmçinin “Şəfa” stadionunun “İnter”ə satılması ilə bağlı qərarlara münasibət bildirib: “Müəyyən çatışmazlıqlar da var. Amma müvafiq dövr üçün Berti Foqtsun fəaliyyətini qənaətbəxş sayıram. “Şəfa” stadionunun “İnter” klubuna satılmasını da çox müsbət addım sayıram. Çünki bu, klubun özünün stadionunun olmasına şərait yaradır”.
İK-nın digər üzvü İsgəndər Cavadov da Foqtsun yığmada qalmasından razı olduğunu bildirib: “İcraiyyə Komitəsinin bugünkü iclası demokratik şəraitdə keçdi. Hər birimiz müzakirə olunan məsələlər barədə fikrimizi bildirdik. Berti Foqtsun növbəti mövsümdə də millimizin baş məşqçisi vəzifəsində fəaliyyət göstərməsinə imkan verən qərar qəbul etdik. Ümumilikdə, Azərbaycan futbolunun səviyyəsi yüksəlməlidir ki, millinin baş məşqçisinin işi daha rahat olsun. “Şəfa” stadionu ilə bağlı qəbul edilən qərar münasibətilə “İnter” klubunun rəhbərliyini təbrik edirəm. Bu qərarın qəbul olunması AFFA-nın klublara verdiyi dəstəyin təzahürüdür”.
Komitə üzvü Elmar Qasımov bildirib ki, müzakirələrdə daha çox millinin baş məşqçisi Berti Foqtsun komandada yaratdığı güclü nizam-intizam, həmçinin görülən işlərin elmi cəhətdən əsaslandırılması qeyd olunub: “Düşünürəm ki, Berti Foqtsun bu vəzifədə fəaliyyətini davam etdirməsi düzgün qərardır. Çünki hər hansı vəzifəyə yeni təyin olunmuş şəxsin işi lazımi səviyyədə qurması üçün müəyyən qədər vaxta ehtiyac var. Berti Foqts isə artıq 3 ildən artıqdır ki, millinin baş məşqçisi kimi fəaliyyət göstərir.Hər bir klubun özünün stadionu, güclü maddi-texniki bazası olmalıdır. “İnter” klubu bir neçə ildir “Şəfa” stadionunda böyük işlər görür və İcraiyyə Komitəsinin bugünkü qərarı klubun qeyd olunan istiqamətdə fəaliyyətini davam etdirməsinə yaxşı şərait yaradacaq”.
Mahir Məmmədov da digərləri ilə həmfikir olduğunu açıqlayıb: “Millinin baş məşqçisi Berti Foqtsla müqavilənin 2014-cü ilə qədər uzadılmasını dəstəkləyirəm. Çünki AFFA rəhbərliyi tərəfindən milli komandaya yaradılan hərtərəfli şəraitin müsbət bəhrəsini görmək üçün baş məşqçiyə vaxt verilməlidir. Onun Azərbaycan futbolunun inkişafı üçün görəcəyi işlərin çox olduğunu və qərarın düzgün qəbul edildiyini düşünürəm”.Mənbə: affa.az
0
0