“Komandamızda nə dəyişib? Mən bilmirəm”
01.12.2011 - 00:15
“Komandamızda nə dəyişib? Mən bilmirəm”
“Bakılı” elə də güclü deyildi. Hesabı tez açsaydıq, asan qələbə qazanacaqdıq. Onlar da bacardıqları qədər hesabı qorumağa çalışdılar”. Bu sözləri apasport.az saytına “Kəpəz” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Bakılı”nı mübarizədən kənarlaşdıran “Kəpəz”in heyətində hər 2 qolu Ceyhun Sultanov vurdu. Premyer Liqada son 2 turu buraxan futbolçu dönüşünü dublla qeyd etməklə, oynamağa hazır olduğunu göstərdi. Tədricən özünə gəlməyə başlayan Sultanov qarşıdakı görüşlərdə daha yaxşı oynayacaqlarını deyib: “İki oyunda komandama kömək edə bilmədim. Məşqlərdə yükləyirlər deyə, bir qədər ağır oldu. Ancaq tədricən düzələcəyinə inanıram”.

Mehman Allahverdiyevin gedişindən sonra komandada nəyin dəyişdiyinə gəldikdə, yarımmüdafiəçi hansısa ciddi fərq görmədiyini vurğulayıb: “Komandamızda nə dəyişib? Mən bilmirəm. Mirbağır müəllim də gənc məşqçidir. İstəyir ki, komandaya uğur qazandırsın”.

Son vaxtlar “Kəpəz”də futbolçular arasında baş verən dava-dalaşı əsas gətirərək nizam-intizamın aşağı olduğu bildirilirdi. Lakin təcrübəli futbolçu bununla razılaşmır: “Mehman müəllimin vaxtında da nizam-intizam yüksək idi. İndi bu məsləyə bir qədər də ciddi fikir verirlər. Yəni heç vaxt komandada hərc-mərclik olmayıb”.

Millinin sabiq üzvü “Rəvan”la həftəsonu keçiriləcək oyun haqda da danışıb: “Altıncı pillədə yer alan komandadan cəmi 6 xal geri qalırıq. “Rəvan”la qarşılaşacağıq. Mütləq udmaq lazımdır. Hələlik şansımızın davam etdiyini deyə bilərəm”.