Mahmud Qurbanov: İndi çağırsalar da, “Kəpəz”ə getmərəm
16.12.2011 - 11:52
Mahmud Qurbanov: İndi çağırsalar da, “Kəpəz”ə getmərəm
“Şəraitsiz vaxtında “Kəpəz”də oynayanda, mənə çox dəvətlər gəlmişdi. Amma Gəncənin adına görə getmədim”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Sumqayıt Şəhər”in futbolçusu Mahmud Qurbanov deyib.

Gəncə futbolunun ən yaxşı yetirmələrindən olan 38 yaşlı yarımmüdafiəçinin ilk klubu, karyerasında uğurlarının çoxunu qazandığı “Kəpəz”ə qayıdışı haqda mövsümlərarası fasilədə çox söhbətlər getdi.

Qurbanovun fikrincə, bunlar kimlərəsə özlərini reklam etmək üçün lazım olub: “Yay fasiləsində “Kəpəz”ə qayıtmaq məsələm gündəmə gələndə, bunu çox uzatdılar. Kimsə mənim adımdan istifadə edib, özünü reklam etdi. Belə olmaz. Necə futbolçu olduğumu siz də bilirsiniz, başqaları da. Amma futbola dünən gələnlər, bu gün dalımca danışırlar. Pis çıxmasın, hər kəsin öz işi var. Hərə öz işi ilə məşğul olsa, yaxşdır”.

Ən titullu futbolçumuzun “Kəpəz”ə qayıtmaq məsələsi gündəmə gələndə, əksəriyyət fikirləşmişdi ki, baş məşqçi Mehman Allahverdiyev buna razılıq verməyib. Hazırda isə “Kəpəz”i Mirbağır İsayev çalışdırır. Görəsən, Mahmud yenidən Gəncəyə qayıtmaq məsələsinə indi necə baxır?

“Karyeramda belə bir şey olmamışdı. Haradan ayrılmışdımsa, dərhal başqa klubla müqavilə bağlamışdım. Əgər indi məni çağırsalar da, “Kəpəz”ə getmərəm. Çünki onların hərəkəti mənə çox pis təsir edib” - deyə, Qurbanov bildirib.
0