Millimizə çağırılan Eddi İsrafilov kimdir? - FOTO
10.05.2013 - 17:58
Millimizə çağırılan Eddi İsrafilov kimdir? - FOTO
Milli komandamızın mayın 25-dən başlayan təlim-məşq toplanışına çağırılan Eddi İsrafilovun kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 1992-ci ilin avqustun 2-də İspaniyanın Almeriya vilayətinin Roketas-de-Mar ərazisində doğulan futbolçunun tam adı belədir: Eddi Silvestre Paskual İsrafilov.

Onun Toqodan olan atası ilə azərbaycanlı anası İradə İsrafilova İspaniyada ailə həyatı qurub və bu üzdən Eddi bu ölkədə doğulub. Qaradərili olmasını atasının afrikalı olmasına bağışlayan 20 yaşlı futbolçunun anası Bakı azərbaycanlısıdır. Futbolçunun familiyasında afrika və azərbaycan köklərini gəzdirməsi də bu üzdəndir.

Maraqlıdır ki, 1.86 metr boyu olan sağ cinah yarımmüdafiəçisi İspaniyada fəaliyyət göstərən “Milan”ın akademiyasına düşə bilərmiş. Ancaq o, baxışdan keçə bilməyib. Bununla belə, “Real Mursiya”nın sıralarına yazılan Eddi 2007-ci ildə “Real Xaen”lə görüşdə qol vurması ilə diqqəti çəkib və klubun idman direktoru Serxio Fernandes ona 2015-ci ilə kimi 15 milyon avrodan ibarət olan müqavilə bağlamağı təklif edib.

Yarımmüdafiəçi 2007-2009-cu illərdə farmklub olan “Real Mursiya İmperial”da 34 oyuna 8 qol vurub. Onun əsas komandada rəsmi debütü isə 2010/11 mövsümündə Sequnda B-də “Xumilya”ya qarşı olub. Gənc oyunçu burda 89 oyuna 22 qol vurmağı bacarıb. Ötən ilin ilk 3 ayında zədəli olduğundan oyunları buraxsa da, cari mövsümdən komandasının əsas heyətinin üzvü sayılır.

Qeyd edək ki, cari mövsüm o, Sequndada 15 oyun keçirib. Ancaq onun çıxış etdiyi “Real Mursiya” topladığı 40 xalla 19-cu sıradadır ki, bu da düşmə zonası sayılır.