“Bakı”: İstefa ilə başladı, istefa ilə bitirir!
15.05.2013 - 18:00
“Bakı”: İstefa ilə başladı, istefa ilə bitirir!
Topaz Premyer Liqasında növbəti baş məşqçi istefası XXXII turdan sonra gerçəkləşəcək. Apasport.az saytının məlumatına görə, çalışdırıcısını dəyişən yenə “Bakı” klubudu.

Belə ki, paytaxtın eyniadlı təmsilçisi serbiyalı mütəxəssis Bojidar Bandoviçi yola salmaq üçün mövsümün sonuncu oyununu gözləyir. Artıq çempionluğu təmin edən “Neftçi” ilə qarşılaşma balkanlı mütəxəssis üçün postunda sonuncu olacaq. Çempionun yola salacağı serbiyalının qovulmasının səbəbi komandanı izləyən uğursuzluqlardır.

Məsələ ondadır ki, mövsüm ərzində edilən çoxsaylı transferlərə baxmayaraq, avrokuboklara vəsiqə əldə olunmayıb. Bakılılar çempionatda yalnız 5-ci yerə ümid bəsləyir. Kubokda isə “zolaqlılar” avrokuboklara vəsiqə üçün yetərli olan finalın 1 addımlığında büdrəmişdi.

Bunun nəticəsi kimi baş məşqçini istefaya göndərməyə qərar verən klub rəhbərliyi son turu gözləyir. Maraqlıdır ki, mövsümün ilk istefası da məhz “Bakı”dan gəlmişdi.

Avrokuboklar başa çatan kimi Novruz Əzimova başqa vəzifə verən paytaxt təmsilçisi onun yerinə məhz Bandoviçi gətirmişdi. Komandanı 31 çempionat və 5 kubok görüşünə çıxaran serbiyalı 37-ci matçla ölkəmizə vida edəcək.

Qeyd edək ki, Bandoviçli “Bakı” 10 qələbə qazanıb, 10 məğlubiyyət alıb və 16 heç-heçə edib. Bu oyunlarda 39 qol vuran bakılılar 33-nü buraxıblar.