İlk gündən gözlənilən ayrılıq
17.05.2013 - 23:01
İlk gündən gözlənilən ayrılıq
"Bakı"da haqq-hesab vaxtdı. Tərəflər öz arqumentlərini ortaya qoyur: rəhbərlik, çempionluq bir yana komandanın avrokuboka düşə bilməsəsinə görə dilxordu, baş məşqçi Bojidar Bandoviç isə qısa zaman kəsiyində nəticə qazanacağına söz vermədiyini deyir.

Əcnəbi çalışdırıcının fikrincə, belə olsa, "Bakı" hər 7-8 aydan bir baş məşqçi dəyişməlidi. Və heç kim də nəticə verə bilməyəcək. Nə demək olar, uğur əldə etmək üçün hər bir çalışdırıcının vaxta ehtiyacı olduğu isbata görəyi olmayan aksiomadı. Ancaq əlahəzrət zaman heç də hər dərdin dərmanı deyil. Bəzən olayları taleyin axışına buraxıb, səbrlə gözləməkdənsə, ziyanın yarısından qayıtmaq xeyirdi.

Gecikmiş həmlə

XXI milli çempionatın sonuncu turunda "Neftçi" ilə qarşılaşacaq "Bakı" böyük ehtimalla, bu oyundan sonra baş məşqçisi ilə yollarını ayıracaq. Halbuki, paytaxt klubunun Bandoviçi yola salmalı olduğunu hələ ötən ilin noyabrında yazmışdıq. İstənilən məşqçinin komanda qurmaq, öz fəlsəfəsini ortaya qoymaq üçün zamana ehtiyacı olduğunu, lakin həmin məşqçinin işində hər hansısa bir ümid işığı görünmədiyi halda, ona vaxt tanımağın faydasızlığını qeyd etmişdik.
Bandoviçin komandasının gələcək vəd etmədiyini sezmək çətin deyildi. Burada söhbət həmin vaxt "Bakı"nın 12 turdan sonra 11-ci pillədə qərarlaşmasından, hesabında cəmi 1 qələbə olmasından getmirdi. Əsas problem komanda ruhunun olmamağı, gələcək vəd edən futbol sərgiləyə bilməməyi idi. Heyətində bu qədər legioner cəmləşən, hər cür şəraitlə təmin olunan komandanın çıxdığı 10 oyunda cəmi 8 qol vurması sadəcə, rüsvayçılıq idi. Bandoviçli "Bakı" bütün matçlara bir məqsədlə çıxırdı: məğlub olmamaq. Təsadüfi deyil ki, bakılılar keçirdikləri 10 görüşdən 7-də heç-heçə etmişdilər.

Bandoviçin nəticələri Aleksandr Starkovun dönəmində olduğundan da pis idi. Ancaq nədənsə, klub rəhbərliyi latviyalıdan fərqli, çernoqoriyalını mövsümün gedişində yola salmadılar. Və bədəlini ağır ödədilər: "Bakı" bu il avrokuboklarda olmayacaq.

Qılıncı xəncər edən Bandoviç

Uduzduqları oyunlardan sonra küləkdən tutmuş, yorğunluğa qədər hər şeydən şikayətlənən, hər məğlubiyyətdən sonra bəhanə tapmaqda əsl "peşəkar" olduğunu isbatlayan Bandoviçin ayrılıq vaxtı gəldiyində özünü sudan quru çıxartmaq üçün bacarığını ortaya qoymasında qeyri-adi heç nə yoxdu.

Quyruğu qapı arasında qalan serb komandasının fiziki hazırlığından şikayətlənir, yayda normal hazırlıq keçməmələrini əsas gətirir və dolayısı ilə məsuliyyəti sələfinin - Novruz Əzimovun üzərinə atır.
Uğursuz və gülünc bəhanədi. Əslində, Aleksandr Starkovun gedişindən sonra latviyalını məhz Bandoviç əvəzləməli idi. Sadəcə, "Bakı"nın Əzimovun rəhbərliyi altında uğurlu çıxışı və mövsümü kubokla başa vurması bu təyinatı bir qədər yubatdı.

"Bakı" rəhbərliyi yaxın keçmişdə Bülənt Korkmazın qoyub getdiyi dağınıq komandanı toparlayıb uğura daşıyan Cüneyt Biçəri Vinfred Şaferlə əvəzləməklə yanlış iş tutmuşdu. Və tale elə gətirdi ki, Novruz bəy də analoji aqibətlə üzləşdi. O, Starkovdan miras qalan ruhsuz kollektivi yenidən ayağa qaldırdı və "zolaqlılar" mövsümü titulla başa vuraraq, avrokuboka vəsiqə qazandılar. Belədə "Bakı" bossları Biçərdən fərqli, klubun yaradıcılarından olan Əzimova şans verməyi lazım bildilər.

Lakin onun bu postda uzun müddət duruş gətirməyəcəyi bəlli idi. Çünki həmin ərəfədə Bandoviçin klubun idman direktoru təyin olunması yanlış qərar idi. Bu cür davranış istənilən baş məşqçini ruhdan salmaq üçün yetərlidi. "Bakı"nın avrokubok ərəfəsində transfer çalışmalarına diqqət yetirdikdə Bandoviçin öz komandasını qurduğunu görürük. Əzimov yalnız Avroliqada uğurlu çıxışla baş məşqçi postunda ömrünü bir qədər uzada bilərdi ki, bunu da bacarmadı. Və bunun da başlıca səbəbi Bandoviçin idman direktoru təyin olunmasından dolayı Novruz bəyin üzərində hiss etdiyi təzyiq idi.

Faktiki olaraq, Əzimov xələfinə ölkə kubokunun finalında "Neftçi" kimi güclü rəqibi məğlub edib ölkə kubokunu qazanan, avrokuboka vəsiqəyə sahib çıxan bir kollektiv təhvil verdi. Ancaq ərəb qılıncı yonub xəncər etdiyi kimi, Bandoviç də "Bakı"nı dağınıq, nə oynandığı, nə etdiyi bəlli olmayan bir kollektivə çevirdi. Və indi ötən mövsüm Avroliqaya hazırlaşmaq ərəfəsində "Bakı" ilə anlaşan, transfer çalışmalarında bilavasitə iştirak edən, çempionatın startından 2 həftə öncə baş məşqçi postuna keçən Bandoviçin şəxsi uğursuzluğunu başqalarına sıramağa cəhd etməsi qəbuledilməzdi. Əgər bir baş məşqçiyə yüksək səviyyədə şərait yaradıb, səlahiyyət sahibi edirlərsə, nəticələrə görə məsuliyyət daşıyan tək şəxs odu. Ancaq Bandoviç səriştəsizliyini etiraf etmək əvəzinə, sözü əsl mənasında "qırmızılıq" edir.

Suskasın ittihamları və Bojidarın transferləri

Bandoviç "Bakı"nın baş məşqçisi təyin olunan vaxt maraqlı bir məlumat yayılmışdı. Suskas adlı yunanıstanlı jurnalist iş yeri və soyadının açıqlanmamağı şərti ilə bir müddət əvvəl Yunanıstanın "Olimpiakos" klubunda çalışmış Bojidar barədə şok açıqlama vermişdi: "Bandoviç "Bakı"da çox qalmayacaq və tezliklə oradan uzaqlaşacaq. Onlar şəbəkə kimi fəaliyyət göstərirlər və çox təhlükəli insanlardı. Bandoviç "Olimpiakos"da oynadığı vaxtlardan Predraq Corceviçlə yaxın dostdu və birlikdə futbolçulardan pul qırırlar. Vaxtilə Popxadzeni ("Bakı"nın oyunçusu) "Olimpiakos"a sırımaq istəyirdilər. Amma arzuları baş tutmadı. Bandoviçin dəstəsi çox təhlükəlidi".

Buna cavab olaraq, "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov gördüyünə inandığını dilə gətirmişdi: "Kim nə deyir desin, kim nə yazır, özü bilər. Mən ancaq gördüyümə inanıram. Gəlin, gözləyək görək nə olur. Əgər doğrudan da belə bir insandısa, bu, üzə çıxacaq. Necə deyərlər, yalanın ömrü 40 gün çəkər. Fikirləşirəm ki, zamana ehtiyac var. Bir söz deyə bilmərəm".

Adam gərək vicdanla danışa, Bandoviç danışığından, duruşundan fırıldaqçı birinə bənzəmir. Ölkəmizdə işlədiyi müddətdə nəzərəçarpacaq "quş" buraxmayıb. Ancaq Suskasın sözlərində həqiqət payı olub-olmadığını anlamaqdan ötrü "Bakı"nın son 1 ildəki transfer çalışmalarına nəzər yetirmək zəruridi. Axı, söhbət oyunçu alış-verişində "əridilən" pullardan gedir (Sport Ekspress).

"Zolaqlılar"ın heyətinə göz gəzdirdikdə yunan jurnalistin adını çəkdiyi Popxadzeyə rast gəlirik. Belə çıxır ki, "Olimpiakos"un yemədiyi nömrəni "Bakı" "udub". Deyəsən, Yunanıstandan gətirilən Leandro Beçerra da bu qəbildəndi. Çünki bu futbolçu yerlilərdən zəifdi idi ki, güclü deyildi.

Yarım milyona avroya

alındığı deyilən Evangelos Mantziosdan isə heç danışmağa dəyməz. Ola bilər ki, "Bakı" ona 500 yox, 100 min avro verib. Ancaq Beçerra kimi qış fasiləsində qovulan Mantzios öz oyunu ilə göstərdi ki, heç 100 avroluq hücumçu deyil. Eyni sözləri qışda alınan Mario Rubio, Risto Ristoviç və Ferdi Elmas barəsində də demək olar. Bu futbolçular heç bizim Premyer Liqanın tələblərinə cavab vermirlər. Bircə Marius Pena ümidləri doğruldur ki, onu da Rumıniya bazarından alıblar. Yəni Bandoviçin əhatə dairəsi sayılan Yunanıstan və Cənubi Kiprdən gəlməyib.

Belə. İndi özünüz nəticə çıxardın: Suskasın ittihamları doğruya bənzəyir, ya yox? Məncə, Bandoviç "Bakı" ilə nəticə qazanmasa da, Bakıda yaxşı pul qazanıb. Ancaq sabahkı matç onun ölkəmizdə son oyunu olmalıdı. Çünk onu qovmaq lazım olduğunu artıq "Bakı" rəhbərliyi də başa düşüb.

ŞAMO
0